Azadlıq meydanında qaldırılan ilk Azərbaycan bayrağı - REPORTAJ

Azadlıq meydanında qaldırılan ilk Azərbaycan bayrağı  - REPORTAJ
  • Clock-gray 11:47
  • calendar-gray 17 Noyabr 2019

“17.11.1988, GÜLTƏKİN ANA”. Düz 31 ili geridə qoyub bu yazı. Dirəniş, dözüm və əzmkarlıq göstərərək. Saplarının rəngi kimi ağ olmasa da, qara tarixi ilə... Türkçülüyü, müasirliyi, eyni zamanda islamiyyəti başı üzərində gəzdirmək istəyən xalqın tarixi...

Ağa qara yaxan Sovet hökumətinin qanlı zamanlarının şanlı yadigarıdır bu üçrəngli qumaş. Gültəkin Həsənovanın əllərinin zəhməti, gözlərinin nuru, ürəyinin sevgisi ilə tikilən dördbucaqlı dövlət. O dövlət ki, 1988-ci ildə elə onu tikən şəxs tərəfindən meydana gətirildi - AZADLIQ MEYDANINA. Başqa cür desək, Azərbaycan vətəndaşlarının bir xalq olaraq yenidən meydana gəldiyi yerə. Məqsədi bir, niyyəti bir və mənzili bir olan xalqın...

Biz də üz tutduq həmin Azadlıq Meydanına. İllər əvvəl Leninin heykəli olan yerdə, ən hündür nöqtədə dalğalanır Azərbaycan bayrağı. Və mən o bayrağın altında, kölgəsində ruh yüksəkliyi ilə deyirəm ki...

31 ildən sonra Gültəkin ananın əllərinin zəhmətini görmək, şanlı bayrağa toxunmaq imkanını keçmiş millət vəkili, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu yaratdı bizə. Niyə o? Çünki şəhid geyimi, qürur mənbəyi olan bayrağımız illər əvvəl Gültəkin Həsənova tərəfindən məhz ona ərməğan olunub.

Müsahibimiz deyir ki, bayrağımız haqqında olduqca çox mülahizələr var: “1957-ci ildən sonra, yəni Qız qalasının üstündə ki, bəylər onu qaldırmışdılar, həbs olunmuşdular, sürgünə göndərilmişdilər, ondan sonra 1988-ci ildə bu üçrəngli bayrağımızı ilk dəfə kollektiv şəkildə tikərək meydana gətirən hər kəsin də tanıdığı Gültəkin ana idi. Maraqlı odur ki, bayraq əllə və üçrəngli parçalarla tikilib”.

Partiya sədri deyir ki, bəziləri başqa şeylər danışırlar: “Amma Gültəkin ananın arxivi, sənədləri bizdə, şəkilləri burda və nəhayət, öz əlləri ilə tikişlə bura yazdığı “17.11.1988, GÜLTƏKİN ANA” sözləri artıq möhür, tarix və imzadır ki, bura qoyulub. Bu da artıq sizin yardımınızla ictimailəşdi. Əslində bunu hər kəs bilir, arxiv lentlərində, Sovet dönəmindən var. 1988-ci ildən bəri var”.

Və öz yurdumuza öz hakimliyimiz olan bayrağımız haqqında daha bir maraqlı məqam: “Bu bayraq birinci gün meydana tək gəlib. Sonrakı vaxtlarda da bayrağımız gələndə çox adam bu bayrağı tanımayıb. Bayrağın gəlişi ilə bağlı az adamın xəbəri var idi. Biz də üçrəngli bayrağımızı artıq cəmiyyət olaraq tanımalı olduq. Yəni meydana gəlişi elə-belə, sıradan deyildi”.

Çox maraqlıdır ki, 17 noyabr tarixi üçrəngli bayrağımızın taleyindən qırmızı xətlə keçir. Buna tarixi mistika da demək olar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin noyabrın 9-da qəbul etdiyi üçrəngli dövlət bayrağı ilk dəfə olaraq 1918-ci il noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində qaldırıldı.

2. 1920-ci ilin aprelində bolşeviklər tərəfindən endirilən üçrəngli bayrağımız 17 noyabr 1988-ci ildə başlayan və tarixə Milli Dirçəliş günü kimi düşmüş Meydan hərəkatı ilə yenidən tarix səhnəsinə çıxdı.

3. 17 noyabr 1990-cı ildə Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

4. 17 noyabr 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev 9 noyabrı Dövlət Bayrağı Günü elan etdi.

Bəli, 17 noyabr dövlətimizin və xalqımızın ikinci müstəqilliyi yolunda dönüş nöqtəsi olan Milli Dirçəliş Günüdür. Günümüz mübarək, Azərbaycan!

Elvin Paşazadə

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date