Azərbaycan və Qətər hökumətlərarası Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan və Qətər hökumətlərarası Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
  • Clock-gray 18:37
  • calendar-gray 16 Oktyabr 2019

Oktyabrın 16-da Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirdə Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Xalid Bin İbrahim Əl Hamarın başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli və işçi qrupunun iclasına dəvət olunan dövlət qurumlarının nümayəndələri və biznes sahəsində çalışan iş adamları  iştirak edib. 

Tədbiri giriş sözü ilə açan FHN-in Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli qonaqları Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən həmsədri Kəmaləddin Heydərovun adından salamlayıb. Natiq qeyd edib ki, ötən dövr ərzində, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və siyasi iradə ikitərəfli əməkdaşlığın inkişafına təkan verən əsas amil olub.

Belə ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri münasibətlərimizin sürətli inkişafı üçün möhkəm zəmin yaradıb, eyni zamanda iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açıb. Qeyd olunan səylərin davamı olaraq yaradılan Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verib. Komissiyanın fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan və Qətər arasında ticarət əlaqələrinin daha da genişlənməsi müşahidə edilib və ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb.

Ərgüc Kələntərli bildirib ki, Komissiya daxilində yaradılmış Sərmayə üzrə Birgə İşçi Qrupu və qarşılıqlı səylərimiz yeni investisiya imkanlarını araşdırmaq və birgə layihələr həyata keçirməklə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcək.  

Daha sonra çıxış edən Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Xalid Bin İbrahim Əl Hamar nümayəndə heyətinə göstərilmiş səmimi qonaqpərvərliyə və iclasın yüksək səviyyədə təşkil olunmasına görə öz təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkənin milli maraqlarına, xalqlarının və rəhbərliklərinin gözləntilərinə xidmət naminə əldə edilmiş nailiyyətlərin qorunub saxlanılması və ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində səylərin göstərilməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov çıxış edərək vurğulayıb ki, iki ölkə arasında yaradılmış ikitərəfli əlaqələr İşçi Qrupu çərçivəsində bundan sonra daha da dinamik şəkildə inkişaf edəcək. Səfir mövcud ikitərəfli inkişafın sevindirici hal olmaqla yanaşı iki ölkə arasında fəaiyyət göstərən Komissiyanın əhatə etdiyi bütün sahələr, o cümlədən sərmayə əməkdaşlığı üzrə əlaqələrimizin daha da genişləndirilməsinin əhmiyyətini qeyd edib.

Sonda tədbir iştirakçıları İşçi qrupunun gündəliyində duran digər məsələlərlə bağlı müzakirələr aparıblar.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date