Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi proseduru müəyyənləşib

Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi proseduru müəyyənləşib
# 21 noyabr 2019 11:18 (UTC +04:00)

Nazirlər Kabineti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiqləyib.

APA-nın məlumatına görə,beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin (maliyyələşdirən qurum) vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qruputərəfindən idarə olunur. Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.

Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə xərclər aşağıdakı istiqamətlərə bölünür:

- layihələndirmə xərcləri;

- rəhbər komitənin xərcləri;

- yerli professor-müəllim və inzibati heyətin xərcləri;

- əcnəbi professor-müəllim və inzibati heyətin xərcləri;

- təhsilalanların xərcləri;

- akkreditasiya xərcləri.

Layihələndirmə xərclərinə müvafiq ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması, ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili üçün hazırlıqların görülməsi daxildir. Rəhbər komitənin xərcləri əməkhaqqı (və ya xidmət haqqı), səfər sığortası, viza və ezamiyyə xərclərini əhatə edir. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqramları çərçivəsində fəaliyyəti ilə bağlı xərclərinə əməkhaqqı (və ya xidmət haqqı), səfər sığortası, viza, ezamiyyə və təlim xərcləri, əcnəbi professor-müəllim və inzibati heyətin xərclərinə viza və qeydiyyat, əmək fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə və yaşayış (yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər) xərcləri, əməkhaqqı (və ya xidmət haqqı), o cümlədən tibbi sığorta və beynəlxalq nəqliyyat xərcləri daxil edilib. Təhsilalanların xərcləri təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış və xaricdə təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərclərini əhatə edir. Akkreditasiya xərcləri beynəlxalq ikili diplom təhsil proqramlarının beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi üçün ödənilən xərcdir.

Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı yerli və xarici tərəfdaş ali təhsil müəssisələri arasında imzalanmış müqavilə, onun imzalanmasına dair qarşı tərəfin qanunvericiliyində buna dair tələb olduğu halda, aidiyyəti qurumunun razılıq məktubu və ikitərəfli müqavilənin başlamasına dair Təhsil Nazirliyinin müvafiq əmri maliyyələşdirmənin aparılması üçün əsasdır. Layihələndirmə xərci beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi üçün ikitərəfli müqavilədə nəzərdə tutulmuş məbləğdə birdəfəlik ödənilir. Rəhbər komitənin xərcləri ikitərəfli müqavilədə razılaşdırılır və müvafiq təsdiqedici sənədlərə əsasən ödənilir. Əcnəbi professor-müəllim və inzibati heyətə vizanın, Azərbaycan Respublikasında olma və ya yaşama, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədlərin rəsmiləşdirilməsi ilə bağlı xərclər (dövlət rüsumu və digər xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə) “Dövlət rüsumu haqqında” qanun, Miqrasiya Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müəyyənləşdirilir. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqram çərçivəsində xarici ölkəyə getməsi ilə əlaqədar vizanın alınması ilə bağlı digər xərclər (tələb olunduğu təqdirdə, tibbi müayinə) getdiyi ölkənin qanunvericiliyində nəzərdə tutulmuş normalara uyğun tənzimlənir və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. Əcnəbi professor-müəllim və inzibati heyətin yaşayış xərclərində yataqxana, mehmanxana və ya mənzil kirayəsi və kommunal xərclər nəzərdə tutulur və müvafiq təsdiqedici sənədlərə uyğun maliyyələşdirilir. Beynəlxalq ikili diplom proqramı çərçivəsində mehmanxana xərcləri yalnız 15 günədək olan müddətə ödənilir. Yaşayış xərcləri əcnəbi professor-müəllim və inzibati heyətin ölkəyə daxil olduğu tarixdən etibarən, ikitərəfli müqavilədə göstərilən fəaliyyət dövrünü əhatə edir. Əcnəbi professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri ikitərəfli müqavilələrdə nəzərdə tutulur. Yerli professor-müəllim və inzibati heyətin əməkhaqqı (və ya xidmət haqqı) xərcləri professor-müəllim və inzibati heyəti ilə ali təhsil müəssisəsi arasında imzalanmış əmək (və ya xidməti) müqavilələrində nəzərdə tutulur. Əməkhaqqı xərclərinə əməkhaqqı və əməkhaqqı ilə müəyyən edilən əlavələr daxildir. Səfər sığortasına səfər müddətində baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bütün tibbi yardımın göstərilməsi və tibbi xərclərin ödənilməsi ilə bağlı xərclər aiddir. Səfər sığortası xərcləri təqdim olunan sənədlər əsasında ödənilir.

Beynəlxalq ikili diplom proqramının icrası zamanı yaranan vergitutma məsələləri Vergi Məcəlləsi ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.. Əcnəbi professor-müəllim və inzibati heyət ölkədə olduğu müddət ərzində tibbi sığorta olunur və bu vəsait müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

Beynəlxalq nəqliyyat xərclərinə tədris müddəti və ezamiyyə ərzində fəaliyyət göstərəcəyi yerə gəlişi və öz ölkəsinə gedişi üçün tələb edilən vəsait aiddir və həmin vəsait onun təqdim etdiyi bilet (biletin alınmasını təsdiq edən bank sənədi və onun istifadəsini təsdiq edən minik talonları, həmçinin pasportun surəti ilə birlikdə) və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri (hesab-faktura, mədaxil qəbzi) əsasında müəyyən edilir. Dövlət Proqramı çərçivəsində yerli və əcnəbi professor-müəllim və inzibati heyətin tədris müddəti ərzində fəaliyyət göstərəcəyi yerə gəlişi və öz ölkəsinə gedişi yalnız “ekonom sinif” biletlərinin dəyəri səviyyəsində ödənilir. Gəliş-gediş biletlərinin sayı hər tədris ili üçün tədris proqramına uyğun olaraq ikitərəfli müqavilədə nəzərdə tutulur. Yerli professor-müəllim və inzibati heyətin beynəlxalq ikili diplom proqramının icrası çərçivəsində ezamiyyə xərcləri Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları”na uyğun müəyyən edilir. Təlim xərcləri beynəlxalq ikili diplom proqramlarının fəaliyyəti üçün yerli professor-müəllim və inzibati heyətin xarici tərəfdaş ali təhsil müəssisəsində və ya xarici tərəfdaş ali təhsil müəssisəsinin müəyyən etdiyi digər yerlərdə təlim proqramlarında qeydiyyatı və iştirakı üçün ödənilən xərcdən ibarətdir. Bu xərclər müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. İkitərəfli müqavilədə nəzərdə tutulduğu təqdirdə, təhsilalanların ikili diplom proqramı üzrə tərəfdaş xarici ali təhsil müəssisəsi üçün təhsil haqqı ikitərəfli müqavilənin müddəalarına uyğun olaraq ödənilir. Beynəlxalq ikili diplom proqramı üzrə ödənişli əsaslarla qəbul aparıldığı halda, ixtisaslar üzrə illik təhsil haqqının məbləği tərəfdaş xarici ali təhsil müəssisəsinin təklifi əsasında yerli ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. İkitərəfli müqavilədə nəzərdə tutulduğu təqdirdə, təhsilalanların ikili diplom proqramı üzrə tərəfdaş xarici ali təhsil müəssisəsində qeydiyyat xərci ikitərəfli müqavilənin müddəalarına uyğun olaraq ödənilir.

Təhsilalanların tədris materialları və elektron informasiya resurslarına çıxış xərclərinə beynəlxalq ikili diplom proqramının həyata keçirildiyi yerli ali təhsil müəssisəsi üçün proqramın icra tələbi üzrə əldə edilmiş tədris materiallarının alınması və elektron informasiya resurslarına çıxış xərcləri aiddir. Beynəlxalq ikili diplom proqramının tələblərindən irəli gələn tədris zərurəti ilə əlaqədar proqramın iştirakçısı olan Azərbaycan Respublikasının vətəndaşları tərəfdaş xarici ali təhsil müəssisəsində təhsil aldıqda, yay məktəbində iştirak etdikdə, istehsalat təcrübəsi keçdikdə, onun bütün xərcləri Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları”na uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı çərçivəsində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq ikili diplom proqramlarında təhsili “Təhsil haqqında” qanuna əsasən, birbaşa bağladıqları müqavilə ilə həyata keçirilir. Hər ixtisas üzrə təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ikitərəfli müqavilə əsasında müəyyən edilir. Beynəlxalq ikili diplom proqramlarının akkreditasiyası üçün vəsait proqramların təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirmək hüququ olan təşkilata müqavilə əsasında ödənilir. Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən, vəsaitin köçürülmə tarixinə olan rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq bank xərci kimi tanınır. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürmə tarixinə olan rəsmi məzənnələr arasında fərq yarandığı halda, bu barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və növbəti ödənişlərdə nəzərə alınır. Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi üçün nəzərdə tutulan xərclərin ümumi məbləğinin 5 (beş) faizindən artıq olmayan məbləğdə əlavə xərclərin maliyyələşdirilməsinə yol verilir.

İl ərzində müvafiq yerli ali təhsil müəssisəsinin sifarişləri əsasında beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı xərclər İdarəetmə Qrupu tərəfindən müəyyən edilir və müvafiq vəsaitin ayrılması üçün Nazirlik tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim olunur. Xərclərin daha çevik və operativ şəkildə ödənilməsi məqsədilə Nazirlik tərəfindən Dövlət Proqramını maliyyələşdirən qurumla razılaşdırmaqla, avans vəsaitin ayrılması barədə sifariş təqdim edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR