Bakıda 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilir

Bakıda 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilir
  • Clock-gray 10:55
  • calendar-gray 10 Oktyabr 2019

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” Sərgisi öz işinə başlayıb.

APA-nın xəbərinə görə, sərginin açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxışı zamanı bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib: "Əldə edilən nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub”.

Türkiyənin Milli təhsil naziri Ziya Selçukun sərgidə iştirakını qeyd edən Ceyhun Bayramov deyib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıqlar qurulmalıdır. Nazir qeyd edib ki, sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcək.

Ceyhun Bayramov bildirib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb. Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini əlavə edib.

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını söyləyib. Türkiyəli nazir bildirib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur. Türkiyə Respublikasının Milli təhsil naziri Ziya Selçuk Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib. Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos da öz növbəsində builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini qeyd edib. O bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa və Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur. “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun da artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr də daxildir.

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.

“Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date