Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib

Bakıda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib
# 21 oktyabr 2019 12:42 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi tərəfindən 20-26 oktyabr tarixlərində Bakı şəhərində “MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu” və “Ekosfera” Sosial-ekoloji Mərkəzi ilə birgə “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil edilib.

APA-nın məlumatına görə, tədbirdə qeyd edilib ki, layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə ilə, eləcə də Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş “MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı”na uyğun olaraq həyata keçirilir.

Layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ətraf mühit problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək üçün, eləcə də bu sahədə bilik, bacarıq və təcrübə mübadiləsi və təlim keçmək məqsədi ilə Azərbaycanda toplanıblar.

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, gənclərlə bağlı olan "Yaşıl Planet" adlı növbəti layihə ekoloji layihədir:

"Layihə çərçivəsində həm təcrübə mübadiləsi olacaq, həm müxtəlif ölkələrdə həyata keçirilən layihələrlə bağlı birgə informasiya mübadiləsi həyata keçiriləcək. Eyni zamanda müxtəlif təqdimatlar gözlənilir. Biz layihə çərçivəsində Azərbaycanda ekologiya sahəsində görülən işlərlə bağlı geniş məlumatlar vermək niyyətindəyik".

Nazir müavini bildirib ki, bu layihələrin həyata keçirilməsi ekologiya sahəsində çalışan gənclər və gənc mütəxəssislər arasında əlaqələrin qurulmasına və gələcəkdə birgə əməkdaşlığına müsbət təsir göstərəcək:

"Eyni zamanda bu, beynəlxalq əməkdaşlığın bir növüdür. Azərbaycanda hər zaman dövlət səviyyəsində ekoloji maariflənməyə və ətraf mühitin qorunmasına xüsusi diqqət göstərilir. Bu günə qədər qəbul edilən bütün Azərbaycan gəncliyi dövlət proqramlarında müvafiq bəndlər öz əksini tapıb. 2010-cu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda "Ekologiya ili" elan edilib. Bu gün Azərbaycanda bu sahədə aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar tərəfindən maraqlı layihələr həyata keçirilir. Burada xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "IDEA" təşkilatının həyata keçirdiyi layihələri qeyd etmək olar. "IDEA" tərəfindən bu gün həm ölkə, həm də beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir ki, gənclər arasında ekoloji maariflənmə işi aparılsın. Biz də Gənclər və İdman Nazirliyi olaraq bu mövzuda bir neçə layihə həyata keçirmişik. İnanıram ki, bu layihələrin davamı olacaq".

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Sevinc Hüseynova bildirib ki, ekoloji problem dünyadakı ən aktual problemlərdən biridir:

"Biz qarşımıza məqsəd qoymuşuq ki, insanlar üçün ətraf mühiti elə insanların özündən qoruyuq. Çünki ekologiyaya ən böyük zərər insan fəaliyyəti nəticəsində dəyir. Müstəqillik dövründə Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox güclü hüquqi baza yaradılıb. 25-dən artıq normativ hüquqi akt və qanun qəbul olunub. Biz ətraf mühitə zərər verilməməsi üçün ictimai qınağı artırmalıyıq. Bu sahədə əsas məsuliyyət gənclərin üzərinə düşür. Çünki gələcəyimizə onlar cavabdehdir".

"Ekosfera" Sosial-ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirib ki, 20 illik yubileyləri çərçivəsində bu cür layihənin həyata keçirilməsi sevindiricidir:

"Ümid edirəm ki, 6 gün qonaqlar üçün çox maraqlı olacaq. Gələcəkdə də birgə layihələr təşkil etmək və planetin rifahını birgə qorumaq istərdik. Ekspert qrupu olaraq layihə iştirakçıları üçün hər şey etmişik ki, 6 gün ərzində maraqlı müzakirələr aparılsın. Biz hər birimiz öz ölkəmizdə planeti qurmaq üçün işlər görürük. İndi elə zamandır ki, hər kəs ekoloq olmalıdır. Hər kəs ayrı-ayrılıqda bir fərddir, lakin bir yerdə yeni bir sistem qura bilərik".

Qeyd edək ki, gənclər ətraf mühitin qorunması və ekoloji liderlik sahəsində seminar və master-klasslarda fəal iştirak edə biləcəklər.

Məktəbdə gənclərin ətraf mühitin mühafizəsi, eko-liderlik, ətraf mühitin idarə olunması və s. mövzularda fəal iştirakı ilə mühazirələr, seminarlar və ustad dərsləri keçiriləcək, mədəniyyət axşamları təşkil ediləcək,iştirakçılar Bakının görməli yerləri ilə tanış olmaq, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər. Beynəlxalq məktəbin işində 100 nəfər gənc olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR