BMT Baş Assambleyasının prezidenti Bakıda qadın sahibkarlarla görüşüb

BMT Baş Assambleyasının prezidenti Bakıda qadın sahibkarlarla görüşüb
# 25 oktyabr 2019 18:21 (UTC +04:00)

Xəzər rayonu Qadın Resurs Mərkəzində BMT-nin Baş Assambleyasının prezidenti Ticcani Muhammad-Mandenin iştirakı ilə qadın sahibkarlarla görüş keçirilib.

APA xəbər verir ki, tədbirdə Ailə,Qadın və Uşaq Problemləri Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin İnkişaf Fondunun Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassetti və Xəzər rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elşən Qurbanov iştirak ediblər. Azərbaycanda qadınların rolundan danışan E.Qurbanov bildirib ki, ölkədə 2018-ci ildən Qadın Resurs Mərkəzləri fəaliyyətə başlayıb. Dediyinə görə, Xəzər Qadın Resurs Mərkəzi də onlardan biridir. O, Xəzər Qadın Resurs Mərkəzi barədə məlumat verib. E.Qurbanov qeyd edib ki, mərkəz tərəfindən bir çox məhsullar hazırlanır və satışa çıxarılır.

Sədaqət Qəhrəmanova bildirib ki, dünyada vacib olan məsələlərdən biri qadın hüquqlarının qorunması və inkişafıdır. Onun sözlərinə görə, BMT- nin Azərbaycandakı əməkdaşları möhtəşəm layihələr həyata keçiriblər:

"Ötən il Azərbaycanda qadınların seçib-seçilmək hüququnun 100 illiyini qeyd etdik. Müstəqil Azərbaycanda qadınların inkişafı daha geniş vüsət alıb. Dövlət səviyyəsində bu önəmli vacib mövzu bizim komitə tərəfindən həyata keçirilir. Ölkədə həyata keçirilən bütün sosial proqramlar Azərbaycan ailəsinin və qadınının inkişafına yönəlib. Bu işlər içərisində BMT ilə əməkdaşlıq çərçivəsində qadın inkişafına həsr olunan layihələr özünəməxsus yer tutur. Azərbaycanda işğaldan sonra çox həssas qaçqın və köçkün qadın qrupu yarandı. Psixoloji zədə almış qadınlarla işləməkdə BMT ilə işləmək bizə böyük töhfə verdi. Bugünkü layihəyə 2011-ci ildə Sabirabadda başlanılıb. Bu layihədə boşanmış, əlil, hüquqları tapdanmış, qayğıya ehtiyacı olan həssas qrup qadınlara kömək olub, dəstək veririk. Artıq 9 regionda belə mərkəz fəaliyyət göstərir. 700-ə yaxın qadın bu mərkəzlərdən dəstək alıb. 200-ə yaxın qadın isə artıq öz bizneslərinə başlayıblar. Bu layihənin fərqi odur ki, layihə başlayır, tədbirlər bitəndən sonra bitmir. Bu çərçivədə yaranan mərkəzləri qeyri- hökumət təşkilatı kimi qeydiyyatdan keçirdik. Onların 5-i qeyri-dövlət təşkilatıdır. Bu o deməkdir ki, layihə bitəndən sonra da fəaliyyət göstərəcəklər. Yerli və xarici donorlardan qrant almaq imkanını əldə edəcəklər və bu layihə davam edəcək. Məqsədimiz odur ki,qadın həmrəyliyi yaransın".

Ticcani Muhammad-Mande isə bildirib ki, burada olmağından şərəf duyur. Onun sözlərinə görə, bu mühüm resurs mərkəzi ilə əlaqədar məlumat almaq maraqlıdır:

“Şübhəsiz iş yerlərinin yaradılması onların hüquqlarının qorunması baxımından vacibdir. Eyni zamanda, qadınların işlə təmin olunması imkan yaradır ki, ölkənin inkişafına öz töhfəsini versinlər. Artıq sübut olunub ki, bir çox ölkələrdə iqtisadi inkişaf kiçik və orta sahibkarların səyləri nəticəsində mümkün olur. Düşünürəm ki, bir ölkədə 9 belə mərkəzin fəaliyyət göstərməsi qadınlara öz biznesini açmağı aşılamaq baxımından çox vacib ünsürdür. İki digər məqama da diqqətinizi çəkmək istərdim. Birinci ideya qadınlar arasında şəbəkənin yaradılmasıdır. Çünki şəbəkənin yaradılması qadınlar arasında bir-birinə dəstək baxımından yaxşı bir institutdur. Hər bir şəxs digər şəxslərlə şəbəkəyə daxil olaraq ünsiyyət qurmaq bacarığından yararlana bilər. Digər məsələ isə BMT-nin uzun illər vurğuladığı əsas proqrama daxil edilən davamlılıq və dayanıqlılıq məsələsidir. 5 mərkəzin qeyri- hökumət təşkilatı kimi qeydiyyatdan keçməklə dayanıqlılığı təşkil olunub. BMT- nin Baş Assableyasının 74-cü prezidenti olaraq mənim üçün birinci məsələ yoxsulluğun aradan qaldırılması, təhsilin keyfiyyətinin artırılması, iqlim dəyişikliyi ilə əlaqədar məsələr, inklüzivlikdir. Bu məsələlərdən 3-nün həyata keçirildiyini görürük".

Alessandro Frakassetti tədbirdə iştirak edən xanımları salamlayıb və mərkəzin fəaliyyətinə uğurlar arzu edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR