Əbülfəs Qarayev: "Müəyyən kreativ sənayenin yaradılması ilə bağlı Məşvərət Şurası formalaşdırılmalıdır"

Əbülfəs Qarayev: "Müəyyən kreativ sənayenin yaradılması ilə bağlı Məşvərət Şurası formalaşdırılmalıdır"
# 09 dekabr 2019 13:34 (UTC +04:00)

"Yaradıcılıq sənayesi tək hansısa nazirliyə, dövlət qurumuna və ya özəl şirkətə məxsus ola bilməz".

APA-nın məlumatına görə, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" nazirlər panelində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda yaradıcılıq sənayesinin inkişafı ilə bağlı 15-20 illik strategiyanı müəyyən edən Dövlət Proqramı və strateji yol xəritəsi hazırlanmalıdır:

"Hər bir istehsalatda, onun bünövrəsində yaradıcı şəxsin düşüncəsi, əqli və yaradıcılıq qabiliyyəti durur. O elə bir məhsul hazırlamalıdır ki, bu məhsul alınsın. Sonrakı mərhələdə bu məhsulun istehsalına keçir. Bunu yaradıcılıq sənayesinə, yoxsa sənayenin özünə aid etməliyik? Burada ortaya çıxan suallar çoxdur. Ona görə bunu vahid nazirlikdə, hansısa bir qurumda düşünmək çətindir. Müəyyən kreativ sənayenin yaradılması ilə bağlı Məşvərət Şurasının formalaşdırılması təklifini irəli sürmüşük. Həmin Şura bu məsələlər ətrafında statistikanı verməli, layihələrə baxmalı, onların kreditləşməsi, iqtisadiyyatımıza təsiri haqqında tövsiyələr verməlidir. Bu, çox böyük və ciddi işdir".

Nazir bildirib ki, Azərbaycanda Davamlı İnkişaf Proqramının icrası ilə bağlı Nazirlər Kabinetində xüsusi qrup var və BMT də artıq kreativ sənayeni davamlı inkişaf naminə çox vacib amil kimi qəbul edir:

"Düşünürəm ki, biz də yeni baxışla bu məsələni müəyyənləşdirməli və hansısa Dövlət Proqramı yazmalıyıq. Biz bu işdə olmağa hazırıq".

Ə. Qarayev əlavə edib ki, yaradıcı insanın yaratdığı əsərlər dövlətin ümumi inkişafına əqli mülkiyyətdən heç də az töhfə vermir:

"Bunların hamısını vəhdətləşdirmək lazımdır. Strategiya budur. Dövlətin strateji xətti olmalıdır və bu xətt yəqin ki, ümumilikdə bizim tərəfimizdən işlənməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR