Dövlət Komitəsi: Bizə müraciət edən qadınların bəziləri heç ərizə də yaza bilmir

Dövlət Komitəsi: Bizə müraciət edən qadınların bəziləri heç ərizə də yaza bilmir
# 19 sentyabr 2019 11:54 (UTC +04:00)

“Bu gün Azərbaycanın kənd və rayonlarında yaşayan insanlar sanki hər şeyə qarşı inamlarını itiriblər. Hətta elə ailələr var, elə bil cəmiyyətdən təcrid olunublar. Çoxunun da dövlətin qayğısından, himayəsindən xəbərləri yoxdur. Onlar dövlətin təminatlarından, qanunlarından xəbərdar olmayan məlumatsız insanlardırlar”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xüsusilə də elə qadınlar var ki, onların təhsili yoxdur: “Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq paytaxtla yanaşı, rayonlarda, kəndlərdə insanlarla sıx işləyirik. Bizə müraciət edən qadınların bəziləri heç ərizə də yaza bilmir. Ancaq həmin qadınlar adama dinlə bağlı dərs keçirlər. Digər problem isə ailə başçısının bu statusdan sui-istifadə etməsi ilə əlaqəlidir. Bununla bağlı bizə kifayət qədər müraciətlər daxil olur. Misal olaraq, bir çox qızlarımız bizə müraciət edir ki, atası ona təhsil almağa icazə vermir. Yaxud hansısa qadın müraciətində qeyd edir ki, həyat yoldaşı onu başını bağlamağa məcbur edir, işləməyə icazə vermir, evdən çölə çıxmağa belə qadağa qoyur. Bu azmış kimi qadının əmək haqqını əlindən alan kişilər də var. Bəzən kişilər də bizə müraciət edib deyir ki, xanımı hər hansı dini qruplaşmaya qoşulub və övladlarını götürərək başqa ölkəyə gedib. Onlar bizə müraciət edərək deyirlər ki, kömək edin, heç olmasa övladlarımızı geri qaytara bilək”.

T. İbrahimova qeyd edib ki, rayonlarda qatı dini düşüncəsi olan ailələrə də rast gəlinir: “Bəzən yerli idarəetmə orqanları həmin ailələrə müdaxilə edə bilmədiklərini deyirlər. Dövlət qurumu da bu kimi halların qarşısında acizdir. Bu kimi hallarda maksimum hər hansı cəza tədbiri ola bilər. Təbii ki, bu da çıxış yolu deyil. Çünki heç bir ailəyə məcbur nə isə etdirə bilmərik. Bu səbəbdən cəmiyyətin əsasları olan Qeyri-Hökumət Təşkilatları, dini icmalar dövlət orqanları ilə əməkdaşlıq etməlidir, bu problemlərlə birgə mübarizə aparmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR