ETSN canavarların kəndlərə hücumunun artmasının səbəblərini açıqlayıb

ETSN canavarların kəndlərə hücumunun artmasının səbəblərini açıqlayıb
# 08 noyabr 2019 15:55 (UTC +04:00)

"Payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır: "Bu, heç də canavarların sayının çox olması ilə bağlı deyil. AMEA-nın Zoologiya İnstitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsinin digər səbəbi yaşayış məntəqələrinin sayının artması və insanların evlərinin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır".

H.Əlizadə qeyd edib ki, az sayda ölkələrdə meşələrdə canavarların yemlənməsi üçün yem qoyulma halları olur: "Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də onlar üçün meşələrə yem qoymağı effektiv saymıram. İnsanlar daha məsuliyyətli olmalıdır. Dünyada çox az sayda ölkələr, o cümlədən, Azərbaycan kənd təsərrüfatı heyvanlarının saxlanması qaydalarına riayət etmir. Heyvanları açıb buraxırıq, sonra da belə hallar olur. Zaqatalada canavarın qoyunlara hücum etməsi halı olub, 7 qoyun tələf olub. Araşdırdıq ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyublar. Heyvanları qorumaq üçün elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatarsa, o zaman dövlət tərəfindən onun tənzimlənməsi məsələsinə müdaxilə oluna bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR