İlk “Könüllü DOST” məzunlarına sertifikatlar təqdim edilib 

İlk “Könüllü DOST” məzunlarına sertifikatlar təqdim edilib 
# 18 iyun 2019 18:23 (UTC +04:00)

1 saylı DOST mərkəzində fəaliyyət göstərən və məzun olan ilk könüllülərə sertifikatlar təqdim edilib.

APA xəbər verir ki, DOST könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında 2018-ci il 28 avqust tarixində imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən ASAN Könüllülük Məktəbinin "Master 2" pilləsi çərçivəsində könüllülük fəaliyyətinə cəlb ediliblər.

Tədbirdə çıxış edən DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, bu gün 21 nəfərdən ibarət ilk könüllü DOST proqramının üzvləri məzun olurlar: "Bizim könüllülüklə bağlı çox geniş planlarımız var. Artıq qısa müddət ərzində könüllülüklə bağlı 2 proqrama start vermişik. Üçüncü proqramı da həyata keçirməyi planlaşdırırıq. Biz 3 proqramla könüllülülərin sosial müdafiə sahəsinə, əmək münasibətləri, məşğulluq münasibəti sahəsinə cəlbini yekunlaşdıracağıq. Növbəti illər üçün planlarımız genişdir. Bu proqramları artıq regionlara keçirmək istəyirik. Bu səbəbdən həmin proqramları gələn ildən regionlarda həyata keçirəcəyik".

Tədbirdə çıxış edən "ASAN könüllülük məktəbi"nin direktoru Cahangir Hacıyev bildirib ki, könüllülər DOST mərkəzlərinin fəaliyyətində yaxşı ənənənin yaradılmasında iştirakçı olublar: "2014-cü ildən başlayaraq, onlarla gəncin könüllü kimi fəaliyyətə cəlb olunmasına nail olmuşuq. Könüllülük fəaliyyəti gənclər üçün yeni fürsətlər yaradır. Biz əgər deyiriksə ki, "ASAN xidmət" mərkəzlərində vətəndaş məmnunlu 98-100 faizə çatıb, bunun yarısı könüllülərin fəaliyyəti əsasında olub. Əminəm ki, DOST mərkəzlərinin sayı artdıqca könüllülük fəaliyyəti də daha da artacaq".

Qeyd edək ki, “Könüllü DOST” layihəsinin məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR