KOBİA İdarə Heyətinin sədri: Tibb biznesi sektorunda aktiv ictimai birliklərin yaradılmasına ehtiyac var

KOBİA İdarə Heyətinin sədri: Tibb biznesi sektorunda aktiv ictimai birliklərin yaradılmasına ehtiyac var
# 20 sentyabr 2019 10:36 (UTC +04:00)

"Tibb biznesi sektorunda təşkilatlanmaya, aktiv ictimai birliklərin yaradılmasına ciddi ehtiyac var və KOBİA belə təşəbbüsləri dəstəkləməyə hazırdır".

APA xəbər verir ki, bunu "Tibb Biznesi Forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən Forumda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur: "Sahibkarları bu imkandan yararlanmağa dəvət edirik. Bu yaxınlarda işə düşən daxili bazar araşdırmaları mexanizmi tibb biznesi və əczaçılıq sektorunda bazar araşdırmalarının aparılmasında da istifadə oluna bilər və KOBİA belə müraciətlər olduğu təqdirdə müvafiq qaydalara uyğun olaraq biznes subyektlərinə dəstək göstərəcək".

O bildirib ki, tədbirin təşkil olunmasında məqsəd sahibkarlar ilə dövlət orqanları arasında səmərəli əməkdaşlıq platformasını daha da genişləndirmək, bu sahədə mövcud çətinlikləri öyrənmək və həlli istiqamətində təkliflərin müzakirəsinə nail olmaqdır.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tibb biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilir. Tədbirdə tibb biznesi sektorunu təmsil edən sahibkarlar və onlara xidmətlər göstərən dövlət orqanlarının və ictimai təşkilatların səlahiyyətli nümayəndələri, eləcə də KOBİA yanında İctimai Şuranın üzvləri iştirak edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR