Komitə sədri: “Orta məktəb müəllimləri hələ də erkən nikahlarla bağlı problemi  dərk etmirlər”

Komitə sədri: “Orta məktəb müəllimləri hələ də erkən nikahlarla bağlı problemi  dərk etmirlər”
# 22 noyabr 2019 11:34 (UTC +04:00)

“Bir çox insanlar qanuna hörmətlə yanaşmır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H. Hüseynova deyib ki, qanunda qızların nikah yaşı göstərilib: “Biz düşünürük ki, hüquq-mühafizə orqanları bu sahədə öz işini gücləndirməlidir. Ona görə də Dövlət Komitəsi olaraq respublika üzrə monitorinq qrupları yaratdıq. Profilaktiki işlər güclü olsa, bəlkə də o işlərin qarşısını ala bilərik. Təəssüf ki, hansısa hadisə olanda onu araşdırmağa, səbəbləri ilə maraqlanmağa başlayırıq. Tutaq ki, rayonda hansısa toy olanda, hamı bəy və gəlinin neçə yaşı olduğunu bilir. Ona görə də mən rayonlarda insanlarla görüşdə, qəbulda bu məsələləri qeyd edirəm. Məktəbdə çalışan müəllimlər hələ də erkən nikahlarla bağlı problemi dərk etmirlər. Ona görə də belə ailələrlə iş aparılır”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, adətən Azərbaycan ailəsində böyüyə və kiçiklərə hörmətlə yanaşıblar: “Ancaq bizə gələn şikayətlərdə görürük ki, ailələrdə bir-birini düşünməmək problemi yaranıb. Ona görə fəal uşaqlarla işləyirik. Çünki uşağın sözü həmyaşıdlarına daha müsbət təsir edir”.

H. Hüseynova nəzərə çatdırıb ki, məktəblərdə uşaqlar arasında problemlər də olur: “Bəzən təzyiqlərlə üzləşən uşaqlar həyatlarını da dəyişirlər. Məktəbdə uşaqlara psixoloqlar tərəfindən operativ dəstək verilsə, çox yaxşı olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR