Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Monqolustanda səfərdə olub

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Monqolustanda səfərdə olub
# 12 iyul 2019 11:16 (UTC +04:00)

Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanlı həmkarının dəvətilə cari il iyulun 9-dan 11-dək Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər edib.

Baş Prokuroluqdan APA-ya verilən məlumata görə, səfər çərçivəsində iyulun 9-da Monqolustanın Böyük Dövlət Xuralının sədri Gombojavın Zandanşatar nümayəndə heyətini qəbul etmişdir. G.Zandanşatar son dövrlər Monqolustan və Azərbaycan Respublikası arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən məmnunluğunu ifadə edib. İxtisaslaşmış anti-korrupsiya və digər cinayət təqibi orqanlarının birgə əməkdaşlığının strateji konturları və inkişaf perspektivlərinə toxunan Böyük Dövlət Xuralının sədri çıxışında həmçinin, qarşılıqlı əlaqələrin cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizədə hər iki tərəfin fəaliyyətinə mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri Kamran Əliyev ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə ətraflı məlumat verib. K.Əliyev çıxışında həmçinin, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn tövsiyə və tapşırıqların icrasının ölkəmizdə qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi prosesinə mühüm dəstək verdiyini xüsusi qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyəti ilə Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqçiyin arasında ikitərəfli görüş keçirilib.

Görüşdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman barədə ətraflı məlumat verən K.Əliyev bu sənədin ölkə ictimaiyyəti tərəfindən korrupsiya ilə mübarizə sahəsində aparılan mühüm institusional islahatlar fonunda atılmış növbəti mütərəqqi addım kimi qiymətləndirildiyini bildirib. Bununla yanaşı K.Əliyev sözügedən sənədin prokurorluğun fəaliyyəti üçün də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə də məlumat verib.

K.Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti qismində BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən BPA-nın əsas istiqamətləri və fəaliyyəti ilə əlaqədar məsələlərə də toxunub, bununla əlaqədar Monqolustan Baş Prokurorluğu ilə BPA arasında qurulmuş əməkdaşlıq münasibətlərinin ayrı-ayrı sahələri, habelə Assosiasiyanın səmərəli fəaliyyətindən daha çox faydalanmaq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparıb.

Daha sonra K.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanın Ədliyyə və daxili İşlər naziri ilə görüşüb. Görüşdə K. Əliyev Azərbaycan Respublikasında analoji qurumların struktur və funksiyaları, habelə bu sahələrin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar barədə məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi imkanları nəzərdən keçirilmişdir.

Tədbirin gündəliyinə uyğun olaraq iyulun 9-da ölkəmizin nümayəndə heyəti Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəisi Daşdavaa Zandraa ilə görüşüb. Xidmətin inzibati binasında keçirilən görüşdə tərəflər arasında müasir dövrümüzdə transmilli xarakter daşıyan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional səylərin daha da artırılması yönündə geniş fikir və təcrübə mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin daxili mübarizə resurslarını gücləndirmələri ilə yanaşı, beynəlxalq müstəvidə də vahid və qətiyyətli mövqedən çıxış etmələrinin vacibliyi vurğulanıb.

Tədbirdə iki qurumun fəaliyyətinə dair təqdimatlar nümayiş edilmişdir. Nümayəndə heyətinin rəhbəri həmçinin, Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin mətbuat xidmətinə qurumu maraqlandıran suallar ətrafında müsahibə verib.

Nümayəndə heyəti səfər çərçivəsində Monqolustanın milli bayramı olan NAADAM bayramında iştirak edərək bu ölkənin milli mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR