Masallıda Milli Qəhrəman Elşad Əhədovun xatirəsi anılıb

Masallıda Milli Qəhrəman Elşad Əhədovun xatirəsi anılıb
# 16 iyul 2019 11:06 (UTC +04:00)

Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsi anılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhidin adını daşıyan Masallı rayonundakı Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbdə keçirilən

anım mərasimində Dövlət Himni səslənib, Milli Qəhrəman E. Əhədovun və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Mehdi Mehdiyev qəhrəmanın həyat və döyüş yolundan danışıb. Dövlətin Milli Qəhrəman və şəhid ailələrinə qayğısından söhbət açan natiq bildirib ki, Elşad Əhədovun anım və doğum günlərinin hər il ictimaiyyət tərəfindən qeyd edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi bu qayğının nəticəsidir. Sonra E.Əhədovun həm də tələbə yoldaşı olan Mehdi Mehdiyev Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbinin 50 illiyi medalını Milli Qəhrəmanın oğluna təqdim edib.

Milli Qəhrəmanın kursant yoldaşları - ehtiyatda olan polkovnik-leytenant Ariz Məmmədov, polkovnik-leytenant Adil Ağayev, ehtiyatda olan mayor Valeh İmanov, döyüşçü dostları Maşalla Əliyev, Camaləddin Məmmədov Elşad Əhədovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açıblar. Sonda şagirdlərin iştirakı ilə Milli Qəhrəmana həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədov 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açıb. O, C.Naxçıvanski adına Hərbi Liseyi, sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbini bitirib. 1989-cu ildə baş leytenant rütbəsi alıb və təyinatla Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilib. Gənc zabit bir müddətdən sonra doğma vətənə dönüb. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır və sonra bu yol Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya keçir. Elşad Əhədov Beyləqanın müdafiəsində böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv edilir. Son döyüşü 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda olur. Onun rotası hücuma keçir. Sayca iki dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradırlar. Qeyri-bərabər döyüşdə o, ağır yaralanır. Həkimlərin ciddi səyinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur. Ölkə Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR