Mənzil və kommunal xərcləri 63,4 faiz artırılır

Mənzil və kommunal xərcləri 63,4 faiz artırılır
# 18 oktyabr 2019 18:17 (UTC +04:00)

2020-ci il dövlət büdcəsində mənzil və kommunal xərcləri üzrə 249,1 milyon manat vəsait proqnozlaşdırılıb.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 96,6 milyon manat və ya 63,4 faiz çoxdur.

Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz təşkil edəcək ki, bu da 2019-cu ilə nisbətən 0,3 faiz-bənd çoxdur.

Mənzil kommunal xərclərinin 110,6 milyon manatı və ya 44,4 faizi rayon və şəhərlərdə su təsərrüfatının tənzimlənməsi, rayon, şəhər mərkəzlərində və qəsəbələrdə dövlətin balansında olan yaşayış binalarının əsaslı təmiri, abadlıq işlərinin həyata keçirilməsi, yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu, küçələrin işıqlandırılması və digər işlərin yerinə yetirilməsinə yönəldiləcək.

Həmin mənbədən dövlət müəssisələrində satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə (su və istilik təchizatı, lift təsərrüfatı) yaranmış zərərin örtülməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 38,0 milyon manat, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə 33,0 milyon manat, lift təsərrüfatına 5,0 milyon manat subsidiya proqnozlaşdırılıb.

Mənzil və kommunal təsərrüfatı xərc bölməsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsi ilə bağlı xərclər üçün 35,0 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 9,6 milyon manat və ya 37,8 faiz çoxdur.

Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlərə görə yeni maliyyələşmə mexanizminə müvafiq olaraq məqsədli vəsaitlərin ödənilməsinə 16,5 milyon manat vəsait yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR