Ombudsmanın nümayəndələri həbsdə olan baş redaktorla görüşüb

Ombudsmanın nümayəndələri həbsdə olan baş redaktorla görüşüb
# 15 avqust 2019 10:03 (UTC +04:00)

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən növbəti başçəkmə həyata keçirib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunub, onların müraciətləri və qaldırdıqları məsələlər araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmə çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılmış İkram Rəhimov da MPQ üzvləri tərəfindən qəbul edilib və müraciəti dinlənilib.

İ.Rəhimov barəsində məhkəmə icraatında olan cinayət işinin baxılması ilə əlaqədar aclıq aksiyasına başladığını bildirib, müvafiq köməklik göstərilməsi üçün Ombudsmana ərizə ilə müraciət edib. O, müəssisənin tibb sanitar hissəsinə yerləşdirilib, səhhəti həkim nəzarətindədir. İ.Rəhimovun ərizəsi nəzərə alınması üçün Ombudsman tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Yekunda MPQ üzvləri tərəfindən saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb və müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi və qəbul olunan digər ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR