Nazir müavini: "Keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük"

Nazir müavini: "Keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük"
# 15 oktyabr 2019 13:43 (UTC +04:00)

"Fəaliyyəti uğurlu olan məktəblərin təlim-tərbiyəsi nəticəsində güclü intellektə, sağlam təfəkkürə, tərbiyəyə malik gənclər formalaşır. Biz buna sevinirik, amma bununla yanaşı, müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük".

APA-nın məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır: "Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib daha yaxşı da nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".

M.Vəliyeva məktəbəhazırlıq məsələsinə də toxunaraq bildirib ki, bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizi məktəbəhazırlıq təhsilinə cəlb olunub. Bu isə kifayət qədər yaxşı göstəricidir: "Hər bir məktəb hazırlıq qruplarına gedən uşağın onun gələcək məzunu olacağını nəzərə alaraq 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünməlidir. Bu uşaqlara kimlər dərs deyəcək, onlarla fəaliyyətdə hansı prioritetlər olacaq, məktəb valideyni necə maarifləndirəcək kimi sualların cavabını müəllim verə bilməz. Ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlərin məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşdüyündən əmin deyilik. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq məktəb təhsilinin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır. Məktəbəhazırlıq təhsilinin vacibliyini bu qədər qeyd etdiyimiz üçün yaxşı olardı ki, Bakı məktəblərinin heç olmasa bir neçəsi özünün bu qabaqcıl təcrübəsini ortaya qoysun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR