Ombudsman: "Azərbaycanda da uşaqlara qarşı zorakılıq halları var"

Ombudsman: "Azərbaycanda da uşaqlara qarşı zorakılıq halları var"
# 21 noyabr 2019 10:56 (UTC +04:00)

"Azərbaycanda da uşaqlara qarşı zorakılıq halları var. Bunun səbəbləri də aydındır".

APA xəbər verir ki, bunu "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda konfransda İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, səbəblərdən biri qaçqın ailələrində valideyn himayəsinin daha zəif olmasıdır: "Erkən nikahlar da bu səbəblərə aiddir. Digəri məişət zorakılığıdır ki, dünyanı bürüyüb, bizdə də müşahidə olunur. Uşaqların zorakılığa məruz qalmasının əsas səbəbi çoxsaylı boşanmalardır. Təbii ki, belə ailələr arasında münaqişələr, kobud rəftar olur. Uşaqlar həm bunu görür, həm də şiddətə məruz qalırlar".

Ombudsman vurğulayıb ki, internetdə verilən faktlar, jurnalistlər tərəfindən uşaqlara qarşı zorakılığın ifrat dərəcədə göstərilməsi də bu məsələyə öz təsirini göstərir.

O qeyd edib ki, uşaqların belə zorakılıqlara məruz qalması psixoloji travmadır: "Bu, onların fiziki, əqli inkişafına mənfi təsir göstərir. Onlarda güclü psixoloji stresslər yaradır. Eyni zamanda bəzən erkən yaşlarda qadınlar dünyaya uşaq gətirirlər. Çox az sayda olsa da, belə hallar Azərbaycanda da müşahidə olunur. Belə uşaqlar fiziki və ya əqli qüsurlu olur. Bunlar hamısı uşaqlara mənfi təsirini göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR