Sektor müdiri: "Subartezian quyularının çox qazılması yeraltı su sərvətlərinin qıtlığına səbəb olacaq"

Sektor müdiri:  "Subartezian quyularının çox qazılması yeraltı su sərvətlərinin qıtlığına səbəb olacaq"
  • Clock-gray 18:04
  • calendar-gray 22 Oktyabr 2019

“Bu il digər çaylarda olduğu kimi Samur çayında da quraqlıq olub. Buna baxmayaraq, Bakının, Sumqayıtın içməli su təminatında problem yaranmayıb. Bu, bilavasitə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və “Azərsu”nun birgə fəaliyyəti nəticəsində olub”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Elxan Hüseynov deyib.

Sektor müdiri kanallarda su olmadığı halda hansı tədbirlərin görülə biləcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Əlavə tədbir olaraq suya qənaət olunmalıdır. Bununla bağlı yerlərdə idarələrimiz təbliğat işi aparırlar ki, suyu hansı şəkildə qənaət rejimində işlətmək olar. Bu baxımdan mövcud olan su ehtiyatlarının yerlərə çatdırıb əhalinin su ehtiyatını ödəyirik”. 

E.Hüseynovun dediyinə görə, nə qədər çox subartezian quyuları qazılsa, yeraltı suyun səviyyəsi o qədər düşəcək:

“Bununla subartezian quyularının sugötürmə qabiliyyəti azalacaq. Yəni, bu quyuların qazılmasına məhdudiyyət qoyulmalıdır. Yoxsa bu vəziyyət yeraltı su sərvətlərinin qıtlığına gətirib çıxaracaq”. 

““Azərsu”nun Ucarda 5-10 litrlik su nasosları var. Bizim  kanaldan su götürərək sutəmizləyici qurğu vasitəsilə kəndə verilir. Kanalda su var, ciddi problem yoxdur. Orada ola bilsin ki, “Azərsu”nun qurğusunda hər hansı problem var. Kanalda su olduğundan, istənilən vaxt su götürmək olar. Biz imkan vermirik ki, kanalda suyumuz tam kəsilsin”.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date