Təhsil nazirinin müavini təmayülləşmə prosesinin təşkilini sərt tənqid edib

Təhsil nazirinin müavini təmayülləşmə prosesinin təşkilini sərt tənqid edib
# 15 oktyabr 2019 15:10 (UTC +04:00)

"Təəssüf ki, hələ də təmayülləşmə prosesinin heç bir təhlilə əsaslanmayan şəkildə, səmərəsiz təşkil olunduğunu görürük".

APA-nın məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Nazir müavini bildirib ki, yanlış informasiyalar ən çox gənclərə zərər vurur: "Müəllimlər bu informasiya bolluğu olan şəraitdə şagirdlərin beynini heç bir əhəmiyyəti olmayan, gələcəkdə onların əmək fəaliyyətinə, dünyagörüşünə təsir etməyən məzmunla doldurmağa çalışırlar. Məktəbdə müəllimlər texnologiyanı, musiqini, təsviri incəsənəti uşaqlara əzbərlədirlər. Onun əsasında da uşaqlara summativ qiymətləndirmə yazırlar. Əlbəttə, şagird nəzəri biliklərə yiyələnməlidir, amma bu zaman şagirdlərin maraqları, ehtiyacları çox ciddi şəkildə təhlil edilməlidir".

M.Vəliyeva bildirib ki, təmayülləşmə uşaqların dərs yükünü azaldır və onların gələcəkdə seçəcəkləri ixtisasa uyğun istiqamətlənməsini təmin edir: "Buna baxmayaraq, biz hələ də şagirdlərin tam orta təhsil səviyyəsində təmayül siniflərdə təhsil almalarına şüurlu yanaşmasına nail ola bilməmişik. Bir çox hallarda təmayül siniflər sadəcə şagird komplektləşdirmək üçün yaradılır. Tam orta təhsil səviyyəsində təmayül siniflərə yalnız ixtisas peşəkarlığı və bilikləri yüksək olan müəllimlər dərs deməlidir. Bu zaman şagirdlərin həqiqətən də zəruri biliklər almasına nail ola bilərik. İkinci tərəfdən əgər dövlət bu imkanı yaradırsa, niyə məktəblər bunu etməməlidir? Bu məsələyə X-XI siniflərdə başlamaq çox gecdir. Məsələyə aşağı siniflərdən sistemli yanaşmaq lazımdır. Bir çox məktəb direktoru ilə ünsiyyətdən məlum olur ki, onlar ibtidai siniflərdən başlayaraq uşaqların bilik və maraqları haqqında məlumat toplayırlar. Bu mənada hesab edirəm ki, Bakı məktəbləri region məktəbləri üçün bir nümunəyə çevrilməlidir. Hətta təmayül olunan siniflərdə də şagirdlərin davamiyyəti arzuolunan səviyyədə deyil. Niyə? Bu belə olmamalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR