“Day after day” mahnısının söz müəllifi Zəhra Bədəlbəyli “Eurovision-2010” namizədləri üçün mahnı sözü yazır - FOTO

“Day after day” mahnısının söz müəllifi Zəhra Bədəlbəyli “Eurovision-2010” namizədləri üçün mahnı sözü yazır - <font color=red>FOTO</font>
# 19 yanvar 2010 08:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision -2008” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi “Day after day” mahnısının söz müəllifi Zəhra Bədəlbəyli fevralın 2-də keçiriləcək milli yarımfinal konsertində iştirak edəcək bir neçə namizəd üçün mahnı sözü yazır. Bunu APA-ya açıqlamasında “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli deyib.

O bildirib ki, artıq bu mahnı sözlərinin yazılması prosesinə başlayıb və bunu çox böyük məmnuniyyətlə həyata keçirir: “Fevralın 2-də altı namizəd tərəfindən müxtəlif və maraqlı ifalar olacaq. Yarımfinal konsertində ifa olunacaq bir neçə mahnıya söz yazıram. Bunu namizədlərin öz istəyi ilə edirəm. Mənə müraciət etdilər və mən də böyük məmnuniyyətlə razılıq verdim”. Son iki ildə keçirilən müsabiqələri canlı izləyən Zəhra Bədəlbəyli, Azərbaycanın “Eurovision-2010” müsabiqəsində də uğur qazanacağına ümid edir: “Namizədlərdən ölkəmizi kimin təmsil edəcəyini söyləmək çətindir, çünki onların hər biri ayrı-ayrılıqda çox istedadlıdır. Fikrimcə, fevralın 2-də münsiflər heyəti üçün seçim etmək çox çətin olacaq. İstərdim ki, 2010-cu ildə Azərbaycan təmsilçisi tərəfindən təqdim olunacaq nömrə 2008 və 2009-cu illərdən fərqli olsun”.

Aysellə Araşın uğurunu qabaqlamaq üçün dayanmadan işləmək lazım olduğunu da dilə gətirən musiqi koordinatoru deyib ki, bu nəticəni əldə etmək bir çox amil bir yerdə birləşmədir: “Biz Aysellə Araşın uğurunu qabaqlamaq üçün əlimizdən gələni edəcəyik. Amma bunu əldə etmək ayrı-ayrı məqamlardan asılıdır. Ona görə də əvvəlcədən demək mümkün deyil. Əgər bu məlum olsaydı, mütləq nə isə edərdik ki, birinci yer dəqiq bizim olsun, amma bu, mümkün deyil”.

Z. Bədəlbəyli 55 illik tarixə malik olan “Eurovision” müsabiqəsinə layiqli təmsilçi göndərmək üçün var-gücləri ilə çalışdıqlarını qeyd edib. Musiqi koordinatoru nümayəndə heyətinin bu işin qarşılığında ictimaiyyətdə gəzən şayiələrə də biganə qalmayıb: “Bu, ölkə daxili bir layihə deyil, ölkədən kənar və çox məşhur bir beynəlxalq müsabiqədir. Ölkədə keçirilən layihələrdə bəlkə də kimsə kimin üçünsə xahiş edir, yalvarıb-yaxarır. Amma beynəlxalq bir layihədə iştirak edəcək və ölkəmizin siması olacaq bir kəsin bu yolla seçilməsini demək düzgün deyil. Biz həmin təmsilçi ilə Azərbaycanımızı təqdim edirik və xalqımızın simasını nümayiş etdiririk. Burada kiminsə tapşırığından söhbət belə gedə bilməz. Biz bu müsabiqədə iştirak etdiyimiz müddətdə ölkəmizi və mədəniyyətimizi çox yüksək səviyyədə təqdim etmişik və belə də davam edəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR