Elman Abdullayev: "İşğaldan azad edilmiş torpaqlarda müasir yaradıcılıq institutlarının təməli qoyulacaq"

Elman Abdullayev: "İşğaldan azad edilmiş torpaqlarda müasir yaradıcılıq institutlarının təməli qoyulacaq"
# 04 fevral 2021 19:29 (UTC +04:00)

Fevralın 1-də UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası üzrə Hökumətlərarası Komitənin 14-cü iclası başlayıb.

Nazirlikdən APa-ya verilən məlumata görə, görüşdə Azərbaycan tərəfi Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən təmsil olunur.

Görüşün ilk günündə UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək 2005-ci il Konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətindəki rolundan, Azərbaycanda inkişaf etdirilən kreativ sənayedən, inklüziv cəmiyyəti inkişaf etdirmək məqsədilə yaradıcılığın təşviqi istiqamətində görülən işlərdən, eyni zamanda hamı üçün zəngin mədəni özünüifadə sahəsində bərabərhüquqlu fürsətlərin təmin edilməsindən danışıb.

Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının sənət nümayəndələrini UNESCO-nun ResiliArt təşəbbüsünə qoşulmağa dəvət etdiyini bildirən E.Abdullayev, bu günə kimi ölkəmizdə 21 yeni layihə, kampaniya və müsabiqənin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tarixi, incəsənəti, maddi-mədəniyyət abidələri, əsrarəngiz təbiəti, iqlimi, təbii sərvətləri ilə zəngin olan işğaldan azad edilmiş torpaqlarımızda yaxın gələcəkdə müasir və yenilikçi inkişaf mərkəzləri və yaradıcılıq institutlarının təməli qoyulacaq.

Görüşün ikinci günündə UNESCO-nun 15 aprel 2020-ci ildə COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində elan etdiyi ResiliArt hərəkatı haqqında müzakirələr təşkil olunub. Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov çıxış edərək bu hərəkat çərçivəsində Azərbaycanda görülən işlər və pandemiya dövründə mədəniyyət və yaradıcı sənayelər sahəsinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr haqqında, xüsusən də “Evdə Qal Evdə Yarat” layihəsi və onun verdiyi töhfələr haqqında məlumat verib.

Eyni zamanda müzakirələr zamanı işğaldan azad olunmuş ərazilərdə yerləşən mədəni irsə dair təxribatçı mövqe ilə çıxış edən Ermənistan tərəfinə cavab olaraq Qarabağda və ətraf yeddi rayonlarda mövcud olan mədəniyyətin və mədəni irsin 30 ilə yaxın işğal müddətində dağıdılması, eyni zamanda Azərbaycan Hökuməti tərəfindən mənşəyi fərqi olmadan istənilən mədəni irs nümunəsinə göstərilən qayğı haqqında iclas iştirakçılarına məlumat verilib.

Komitənin 14-cü iclası 6 fevral 2021-ci il tarixinədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR