Azərbaycan və Türkiyə şahmatçıları dostluq görüşündə qarşılaşacaq

Azərbaycan və Türkiyə şahmatçıları dostluq görüşündə qarşılaşacaq
# 06 avqust 2020 14:08 (UTC +04:00)

Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan və Türkiyə Şahmat Federasiyaları təşkilatçılığıyla növbəti onlayn yarış keçiriləcək.

Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu dəfə Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir millət, iki dövlət" şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü təşkil olunacaq.

Azərbaycan komandasının əsas heyətində üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Gülnar Məmmədova, eləcə də Vüqar Əsədli və Xanım Balacayeva çıxış edəcəklər. Ehtiyat heyətdə Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, qitə birinciliyinin mükafatçısı Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, 16 yaşlılar arasında dünya birinciliyinin qalibi Aydın Süleymanlı və Gövhər Beydullayeva yer alacaq.
Reqlamentə görə hər partiyaya 15 dəqiqə vaxt veriləcək və hər gedişə 5 saniyə əlavə olunacaq. Üç gün davam edəcək turnirdə hər gün iki partiya oynanılacaq.

8-10 avqustda keçiriləcək yarış saat 19-00-da başlayacaq. Partiyalar İdman TV-də canlı şərh olunacaq.

Qeyd edək ki, bu günlərdə FIDE tərəfindən internet üzərindən ilk Ümumdünya Şahmat Olimpiadası təşkil olunur. Türkiyə millisi onlayn olimpiadada mübarizəyə avqustun 15-də, Azərbaycan millisi isə avqustun 21-də qoşulacaq.

Pandemiya dövründə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla internet üzərindən Azərbaycan Kuboku, "İpək Yolu" turniri, qadın şahmatçılar arasında Azərbaycan-Ukrayna komandaları arasında yoldaşlıq görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR