Tbilisidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO

Tbilisidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO
# 09 may 2023 19:47 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Tbilisidəki Şahmat Sarayında təşkil olunmuş turnir Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan Şahmat Federasiyasının və SOCAR Georgia Şirkətinin təşkilatçılığı ilə baş tutub. Tədbirin açılışında çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ümummilli lider Heydər Əliyevin Gürcüstanın əsl dostu və Gürcüstanda yaşayan azərbaycanlılların dayağı olduğunu qeyd edib. O, turnirə böyük marağın olduğunu və bunu alqışladığını bildirib.

Azərbaycan Şahmat Federasiyasının Prezidenti Mahir Məmmədov qeyd edib ki, Azərbaycan şahmat məktəbinin qələbələrinin banisi bu sahədə ardıcıl siyasət həyata keçirmiş Heydər Əliyevin adı ilə bağlıdır:

“70-ci illərdən başlayaraq Ulu Öndər Heydər Əliyevin ardıcıl tapşırıqları və nəzarəti ilə Azərbaycanın bütün rayonlarında şahmat mərkəzləri yaradıldı. Şahmat müəllimlərinin və gəncliyinin tərbiyəsinə çox böyük diqqət yetirldi və bu 90-cı illərdə, 21-ci əsrdə öz bəhrəsini verməyə bilməzdi”.

Gürcüstanın Şahmat Federasiyasının prezidenti Akaki İaşvili Azərbaycan və Gürcüstanın strateji tərəfdaş ölkələr olduğunu, əməkdaşlıq əlaqələrinin digər istiqamətlərlə yanaşı idman sahəsində də inkişaf etdirildiyini vurğulayıb. O, Gürcüstanda Heydər Əliyevin xatirəsinə böyük diqqət ayırıldığını və bunun digərləri üçün də nümunə təşkil etdiyini qeyd edib.

Şahmat turnirində Gürcüstanın bir sıra dövlət qurumlarının nümayəndələri, eləcə də Gürcüstan azərbaycanlıları iştirak ediblər.
Yarışın qalibi Gürcüstan Xarici İşlər Nazirliyinin əməkdaşı Rati Tsomaya olub, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Araz Süleymanov və Qasım Əliyev tutub.

Qaliblərə qiymətli hədiyyələr təqdim edilib, bütün iştirakçılara isə sertifikatlar verilib.

Qaliblərin mükafatlandırma mərasimində Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, eləcə də digər türkiyəli rəsmilər və iş adamları da iştirak ediblər.

Qeyd edək ki, turnirin nəticələri ümumdünya şahmat nəticələri saytında (chess-results.com) qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR