Azərbaycan Çempionlar Liqasına 2 klubla qatılacaq

Azərbaycan Çempionlar Liqasına 2 klubla qatılacaq
# 12 mart 2021 17:47 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası (CEV) kişi və qadınlar arasında avrokubok reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, cədvəllərə əsasən avrokubokların 2021/22 mövsümündə ölkələrin təmsilçi sayı dəqiqləşib.

Bu, başa çatan 3 ilin reytinqinə əsasən müəyyənləşib. Reytinqdə 2017/18, 2018/19 və 2019/20 mövsümlərinin nəticələri əksini tapıb. Azərbaycanın həm kişi, həm qadınlar arasında keçirilən qitəmiqyaslı klub turnirindəki təmsilçi sayı da dəqiqləşib.
Ölkəmiz yeni mövsümdə Avropada 4 klubla iştirak etmək hüququna malikdir. Bunlardan ikisi kişi, ikisi qadın komandaları olmalıdır.

Qadınların Çempionlar Liqasında xalı olmayan Azərbaycan Avropanın 27-cisidir. Ölkəmiz bir ildə 15 pillə geriləyib. Cəmi 2 il əvvəl qitədə 5-ci olan Azərbaycan bu müddətdə 22 addım aşağı yuvarlanıb. Bu da yalnız 1 klubla mübarizə aparmaq imkanı verir. Azərbaycan komandası ilk raunddan yarışa qoşulacaq.

Kişilər arasında ölkə çempionu da qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ilk mərhələdən başlamaq hüququna malikdir. Reytinq xalı olmayan və siyahıda 32-ci pillədə qərarlaşan ölkəmizin mövsümə belə başlaması gözləniləndir. Ötən il bu cədvəldə 33-cü olan voleybolçularımız bir pillə irəliləyiblər.

Kişi voleybolçularımız CEV və “Çelenc Cup”ın birgə reytinqində mövqeyini əldən verib. Bir pillə geriləyən ölkəmiz 19,00 xalla qitənin 35-cisidir. Bu isə yalnız 1 komanda ilə təmsil olunmaq imkanı verir. Həmin komanda “Çelenc Cup”da mübarizə aparacaq.

Qadınların bu 2 yarış üçün tərtib olunan cədvəlində də mövqeyimiz pisləşib. 21,00 xala malik ölkəmiz bir addım geriləməklə 31-ci yerə yuvarlanıb. Bu da yalnız bir klubumuzun “Çelenc Cup”da qüvvəsini sınamasına imkan verir. Son iki ildəki geriləmə isə 14 pilləyə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR