Şahmat üzrə İddiaçıların Turnirinin püşkatmasının detalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, FİDE-nin müəyyənləşdirdiyi qaydaya əsasən eyni ölkədən olan şahmatçıların ilk turlarda qarşılaşacaq.
Bu, təmsilçisi ikidən çox olan ölkələrə - Çin və Rusiya qrossmeysterlərinə şamil olunacaq. Asiya ölkəsinin şahmatçıları Din Lirenlə Van Hao I turda və ikinci dövrənin startında, yəni VIII turda üz-üzə gələcək.
Rusiyalılar Aleksandr Qrişuk, Yan Nepomnyaşi və Kirill Alekseyenko arasında qarşılaşmalar ilk üç tura təsadüf edəcək. Rusiya duelləri 1-3 və 8-10-cu turlarda gerçəkləşəcək.
Bu isə o deməkdir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov ilk turda Çin idmançısı ilə qarşılaşmayacaq. Lakin o, rusiyalılardan biri ilə üz-üzə gələ bilər.
Qeyd edək ki, martın 16-dan aprelin 4-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək turnirdə çinli və rusiyalılarla yanaşı, Fabiano Karuana (ABŞ) və Aniş Giri (Niderland) də T.Rəcəbovun rəqibləri olacaq.