Azərbaycan çempionatının açılış matçında "Zirvə Astara" qələbə qazanıb

Azərbaycan çempionatının açılış matçında "Zirvə Astara" qələbə qazanıb
# 10 oktyabr 2019 21:47 (UTC +04:00)

Kişi basketbolçular arasında növbəti Azərbaycan Super Liqasına start verilib.

APA-nın məlumatına görə, XXVII dəfə keçirilən çempionatın açılış matçında "Gəncə" və "Zirvə Astara" klubları üz-üzə gəliblər.

"Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunan qarşılaşma kifayət qədər maraqlı alınıb. Heyətində legionerlərin də olduğu "Gəncə" Super Liqada ilk xala yiyələnib - 2:0. Lakin çox keçmədən cənub komandası təşəbbüsü ələ alıb. İlk periodu 27:9 hesabı ilə öndə bitirən "Zirvə Astara" növbəti hissələrdə də inamlı təsir bağışlayıb.

Zaur Paşayev, Anar Sarıyev və Ender Poladxanlı kimi təcrübəli basketbolçulardan qurulan komanda "Gəncə"yə qalib gəlməkdə çətinlik çəkməyib. Yerli oyunçulardan təşkil olunan "Zirvə Astara" startda qələbəsini 77:56 hesabı ilə əldə edib.

Qeyd edək ki, region klublarının da qatıldığı birincilikdə qalib adı uğrunda 8 komanda mübarizə aparacaq. Bunların əksəriyyəti yeni formalaşdırıblar. Həmçinin müəyyən müddətdən sonra komandalara gənclərin təcrübəsini artırmaq məqsədilə legionerlər də cəlb ediliblər.

Ötən illərlə müqayisədə çempionatda yeni reqlament tətbiq olunub. Yeni qaydalara əsasən komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcəklər. Bunun ardınca isə hər bir iştirakçının qatılacağı pley-off başlayacaq. Əsas mərhələdə 1-ci olan 8-ci ilə, 2-ci 7-ci ilə, 3-cü 6-cı ilə və 4-cü 5-ci ilə mübarizə aparacaq. 1/4 finalın qalibləri mükafatlar uğrunda yarışı davam etdirəcəklər. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.

"Atletik”, "Atom", "Zirvə Astara", "Gəncə", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan" klublarının iştirakı ilə təşkil olunan XXVII Azərbaycan çempionatında I tur oktyabrın 12-də bitəcək. Həmin gün Azərbaycan Dövlət Texniki Universitetində "Sərkərdə" "Atom"u, "Xırdalan" "Atletik"i və "Sıçrayış" "80-lər"i sınağa çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR