Azərbaycan yığması Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan yığması Avropa çempionatına qələbə ilə başlayıb
# 23 avqust 2019 19:35 (UTC +04:00)

Qadın voleybolçular arasında Avropa çempionatı start götürüb.

APA-nın məlumatına görə, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi də mübarizəyə başlayıb.

Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri ilk turda Xorvatiya ilə görüşüblər. Yığmamız matçın ilk setində asan qələbə qazanıb – 25:13.

Amma xorvatiyalılar oyunda dönüş yarada biliblər. Gərgin mübarizə şəraitində keçən növbəti iki hissədə qalib gələn balkanlılar hesabda önə keçiblər. Lakin italiyalı mütəxəssisin yetirmələri dördüncü setdəki çətin qələbə ilə matçı tay-brekə daşıyıblar. Həlledici hissədə rəqibini üstələyən millimiz yarışa qələbə ilə başlayıb – 3:2.

Bu gün C qrupunda daha iki matç baş tutacaq. Hollandiya Rumıniyanı, Macarıstan isə Estoniyanı sınağa çəkəcək.

Qeyd edək ki, növbəti oyununu avqustun 25-də keçirəcək yığmamız Hollandiya ilə üz-üzə gələcək.

Avropa çempionatı
C qrupu
23 avqust
17:00. Xorvatiya – Azərbaycan – 2:3 (13:25, 25:20, 25:22, 24:26, 15:17)
Hakimlər: Filipp Şurmann, Andrey Kovalçuk
Budapeşt. Lasso Pappa adına İdman Arenası

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR