Azərbaycanın səkkizinci dəfə iştirak edəcəyi Avropa çempionatı start götürür

Azərbaycanın səkkizinci dəfə iştirak edəcəyi Avropa çempionatı start götürür
# 22 avqust 2019 14:26 (UTC +04:00)

Sabah qadın voleybolçular arasında Avropa çempionatı start götürəcək.

APA-nın məlumatına görə, sentyabrın 8-dək davam edəcək qitənin ən nüfuzlu yarışı ilklərlə tarixə düşəcək.

İlk dəfə 4 ev sahibi və 24 komanda
1949-cu ildən keçirilən Avropa çempionatı 2007-ci ilədək bir ölkədə baş tutub. Son 6 çempionatdan 5-də yarışa 2 ölkə ev sahibliyi edib. Birinciliyin tarixində ilk dəfə təşkilatçılıq 4 ölkəyə həvalə olunub. Bu dəfə çempionatı Türkiyə, Polşa, Slovakiya və Macarıstan birgə qəbul edəcək.

Məhz 12 il əvvəldən başlayaraq, final mərhələlərində 16 komanda iştirak edirdi ki, bu ildən bu rəqəm də 24-ə çatdırılıb. Bununla da 1971-ci ildəki 18 komandalı çempionatın rekordu yenilənib. 24 iştirakçı arasında debütant da yer alıb. Estoniya digər 23 ölkədən fərqli, ilk dəfə Avropa çempionatında mübarizə aparacaq.

Rusiya rekordçudur, Azərbaycanda ən yaxşı göstərici 4-cü yerdir
31-ci dəfə təşkil olunacaq yarışda 8 komanda çempionluq sevinci yaşayıb. Rusiya (əvvəlki SSRİ) 19 dəfə qızıl medallara yiyələnməklə, yarışın rekordçusudur. Almaniya, Polşa, İtaliya və 2 il öncə Bakıda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Serbiyanın hərəsinin aktivində 2 çempionluq var. Çexiya, Hollandiya, Bolqarıstan bir uğura sahibdir. Ümumilikdə, 14 komanda yarışın medallarına yiyələnib.

Avropa çempionatlarında 2005-ci ildə debüt edən Azərbaycan millisi mükafatçılar sırasına düşməsə də, 2 dəfə bu uğurun bir addımlığında dayanıb. Yığmamız debüt etdiyi 2005-ci ildə və ev sahibi olduğu son çempionatda yarımfinala kimi irəliləyib. Lakin yekunda 4-cü yerdə qərarlaşıb. Tarixi ərzində 7 dəfə qitənin ən güclüləri sırasında qüvvəsini sınayan millimizin digər 5 cəhdi isə o qədər də uğurlu alınmayıb. İlk “səkkizlik”dən kənar qalan komandamız yekun sıralamasının ikinci yarısında var-gəl edib. Bu müddətdə 1 dəfə 9-cu, 2 dəfə 12-ci və 1 dəfə 14-cü olan voleybolçularımız 2013-cü ildə ən zəif nəticəsini göstərərək, 15-ci yerlə kifayətlənib.

Səkkizinci cəhd
İlk turun Xorvatiya ilə oyunu Azərbaycan millisinin finallarda 40-cı oyunu kimi tarixə düşəcək. Hesabında 11 qələbə və 28 məğlubiyyət olan yığma balkanlılara qalib gəlsə, set sayında 50-yə çatacaq. İndiyədək 47 hissədə qalib gələn voleybolçularımız 90 setdə məğlubiyyət acısı yaşayıblar.

Səkkizinci cəhddə Azərbaycan yığmasını oyunlara italiyalı baş məşqçi Covanni Kaprara çıxaracaq. O, Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Mariya Kirilyuk, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyevadan ibarət “12-liy”ə güvənəcək.

Milli C qrupunda Macarıstan, Xorvatiya, Hollandiya, Rumıniya və Estoniya ilə gücünü yoxlayacaq. Budapeştdə keçiriləcək qarşılaşmalarda voleybolçularımız liderlər sırasında qərarlaşıblar, desək yanılmarıq. Reytinqinə görə rumınları və estonları qabaqlayan komandamız Macarıstanla eyni göstəriciyə malikdir. Bu da voleybolçularımızın növbəti mərhələyə 4 yer üçün vəsiqə verəcək qrupda qalmayacağını ehtimal etməyə əsas verir.

Təmsilçimiz mərhələ adlayacaq “dördlük”də yer alacağı halda, A qrupunun komandaları ilə üz-üzə gələcək. Burada Serbiya, Türkiyə, Fransa, Bolqarıstan, Finlandiya və Yunanıstan yığmaları yer alıblar ki, onlardan da ilk ikisi bizim üçün arzuolunmaz rəqiblərdir.

Mükafatlar Ankarada öz sahibini tapacaq
Dörd ölkədə keçiriləcək yarışı 4 şəhər, eyni zamanda, 4 arena qəbul edəcək. Oyunlar Ankarada “Başkent Voleybol Salonu”nda, Lodzda “Atlas Arena”da, Budapeştdə Lasso Pappa adına İdman Arenasında, Bratislavada “Ondrej Nepela Arena”da keçiriləcək. 1/8 finaldan sonra Slovakiya və Macarıstanda oyunlar olmayacaq. Yarımfinallar və medal görüşləri yalnız Türkiyə paytaxtında təşkil olunacaq.

Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirində iştirak hüququna yiyələnəcək. 2020-ci ilin yanvarında olacaq yarışa ev sahibi də qoşulacaq. Yekunda qalib gələcək ölkə Tokio-2020-yə lisenziya əldə edəcək.

C qrupu
23 avqust

17:00 Xorvatiya - Azərbaycan
19:30 Hollandiya - Rumıniya
22:30 Macarıstan - Estoniya

24 avqust
20:00. Estoniya - Xorvatiya
22:30. Rumıniya - Macarıstan

25 avqust
17:30. Azərbaycan - Hollandiya
20:00. Estoniya - Rumıniya

26 avqust
20:00. Hollandiya - Xorvatiya
22:30. Macarıstan - Azərbaycan

27 avqust
20:00. Hollandiya - Estoniya
22:30. Rumıniya - Xorvatiya

28 avqust
17:30. Azərbaycan - Estoniya
20:00. Xorvatiya - Macarıstan

29 avqust
17:30. Rumıniya - Azərbaycan
20:00. Macarıstan - Hollandiya

Qrup mərhələsi
23-29 avqust
A qrupu (Türkiyə, Ankara):
Fransa, Bolqarıstan, Serbiya, Finlandiya, Türkiyə, Yunanıstan
B qrupu (Polşa, Lodz): Belçika, Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Sloveniya
C qrupu (Macarıstan, Budapeşt): Azərbaycan, Xorvatiya, Hollandiya, Rumıniya, Macarıstan, Estoniya
D qrupu (Slovakiya, Bratislava): İsveçrə, Almaniya, Belarus, Rusiya, Slovakiya, İspaniya

1 sentyabr
1/8 final

Türkiyə
1. A1 - C4
2. A2 – C3

Macarıstan
3. C1 – A4
4. C2 - A3

Polşa
5. B1 - D4
6. B2 – D3

Slovakiya
7. D1 – B4
8. D2 – B3

4 sentyabr
1/4 final
Türkiyə

9. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
10. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

Polşa
11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
12. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

7 sentyabr
1/2 final
Türkiyə

13. 9-cu cütün qalibi – 11-ci cütün qalibi
14. 10-cu cütün qalibi – 12-ci cütün qalibi

8 sentyabr
Üçüncü yer uğrunda
Türkiyə

13-cü cütün məğlubu – 14-cü cütün məğlubu

Final
Türkiyə

13-cü cütün qalibi – 14-cü cütün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR