Macarıstanlı voleybolçu: “Avropa çempionatında Azərbaycan yığmasını təəccübləndirə bilərik”

Macarıstanlı voleybolçu: “Avropa çempionatında Azərbaycan yığmasını təəccübləndirə bilərik”
# 26 avqust 2019 10:12 (UTC +04:00)

“Təəssüf ki, Rumıniya ilə oyunda çox səhv etdik. Rəqib də bunlardan lazımınca yararlandı”.

APA-nın məlumatına görə, bunu qadınlardan ibarət Macarıstan milli komandasının voleybolçusu Ester Nad deyib.

Dörd ölkədə keçirilən Avropa çempionatının meydan sahiblərindən biri olan macarıstanlılar II turda Rumıniyaya 1:3 hesabı ilə uduzublar. E.Nad növbəti turun Azərbaycanla görüşündə bu məğlubiyyəti unutdurmağa çalışacaqlarını bildirib: “Hesab edirəm ki, Azərbaycan yığmasını da, Xorvatiyanı da təəccübləndirə bilərik. Xüsusilə də sonuncularla görüşdə bunu bacarmağımız mümkündür. Çünki onlardan Avropa Liqasındakı iki məğlubiyyətin revanşını ala bilərik. Azərbaycan isə daha yüksək səviyyəlidir. Buna görə də nəticə qazanmaq üçün müdafiədə daha etibarlı olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu bu gün keçiriləcək. Bu komandalar arasında sonuncu rəsmi oyun da məhz Avropa çempionatına təsadüf edib. Yığmamız Bakıda keçirilən matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib. AVRO-2015-də isə voleybolçularımız 1:3 hesabı ilə uduzublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR