Yana Kulan: "Azərbaycan millisindəki 7 il mənim üçün öyrənmək baxımından əhəmiyyətli oldu" - MÜSAHİBƏ

Yana Kulan: "Azərbaycan millisindəki 7 il mənim üçün öyrənmək baxımından əhəmiyyətli oldu" - MÜSAHİBƏ
# 13 iyul 2019 10:48 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasındakı karyerasını başa vuran Yana Kulanın APA-ya müsahibəsi

- Azərbaycan millisindəki karyeranızı başa vurdunuz. Yığmamızda oynamağa razılıq verənədək Slovakiyanın əsas komandasında da çıxış etmişdiniz. Düşünmürsünüz ki, bu seçimdən sonra voleybolçu kimi daha da kamilləşdiniz?
- Bəli, tamamilə belədir. Azərbaycan millisindəki 7 il mənim üçün öyrənmək baxımından əhəmiyyətli oldu. Bu, mənə çox şey öyrətdi.

- Geri boylanıb “Uraloçka”dan “Azərreyl”ə keçməyinizi yada salsanız, həmin dövrü necə xatırlayırsınız? Bəs Azərbaycan millisində oynamaq təklifini necə qəbul etdiniz?
- Mən Slovakiya vətəndaşıyam. Həmin il Azərbaycanı seçmək çətin deyildi. Çünki Azərbaycanda ən yaxşı liqa və əla milli komanda var idi. O vaxtkı baş məşqçi və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev məndən yığmaya qoşulmağı xahiş etdi. Həmin vaxt milliyə qatıldım və çox qürurlu idim.

- Azərbaycan millisindəki ən yaddaqalan müsbət və mənfi anlar hansılardır?
- Azərbaycan millisində pis xatirəm yoxdur, yalnız dərs götürdüklərim var. Hər qələbə, hər medal mənim üçün komandamla bölüşdüyüm xüsusi bir dəyərdir.

- Yığmadan getmək qərarını çox düşündünüz? Qərar asan verildi, yoxsa...
- Əlbəttə, bu asan qərar deyildi. Ona görə ki, məhz Olimpiya Təsnifat Turniri ərəfəsində verildi.

- Tokio-2020-nin təsnifat turnirində, uğur qazanılarsa Olimpiya Oyunlarında çıxış etmək istəmirsiniz ki?
- Hər bir oyunçu üçün karyerada ən yaxşı şeylərdən biri Olimpiadada çıxış etməkdir. Lakin klubdakı mövsümdən sonra sağlamlığım və gələcəyimə görə belə qərar qəbul etdim.

- Millimizi Braziliyadakı təsnifat turniri, ardınca Avropa çempionatı gözləyir. Komandamızdan gözləntiləriniz nədir?
- Həmişə olduğu kimi uğurlu nəticə. Yığmanın ən yaxşıları yeni baş məşqçi ilədirlər. Mən təsnifat mərhələsini uğurla keçməyi, ardınca Avropa çempionatının medalını qazanmağı arzulayır və gözləyirəm. Amma bu, həqiqətən də çətin olacaq.

- Millimizin digər ulduzu Natalya Məmmədova yığma karyerasını bitirdikdən sonra geri dönmüşdü. Ola bilərmi ki, hansısa şərtlərdə sizdə geri qayıdasınız? Məsələn, yığmamız Tokio-2020-yə vəsiqə qazanarsa və sizi də dördilliyin ən mötəbər yarışına dəvət edərlərsə...
- Təsnifat mərhələsini adlamaq həqiqətən də böyük işdir. Əgər bizim komandamız bu uğuru qazansa, Azərbaycan üçün yeni tarix yazacaq. Onların uğurundan istifadə etməmək uçun mən Yaponiyaya yalnız bir məqsədlə yollana bilərəm. Bu da Oyunlar zamanı Azərbaycan bayrağını dalğalandırmaq və onları dəstəkləmək üçün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR