Azərbaycan milli komandalarının Avropa Liqasından imtinasının səbəbi açıqlanıb

Azərbaycan milli komandalarının Avropa Liqasından imtinasının səbəbi açıqlanıb
# 01 aprel 2022 15:53 (UTC +04:00)

Voleybol üzrə Azərbaycan yığmalarının Avropa Liqasında iştirak etməməsinin səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, buna Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov aydınlıq gətirib.

O, AVF-nin mətbuat xidmətinə açıqlamasında milli komandaların Avropa Liqasından imtina etməsindən danışıb: “Bu ilin may-iyun aylarında qadın voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamızın isə Gümüş Avropa Liqasında iştirakı nəzərdə tutulmuşdu. Artıq komandalarımızın rəqibləri və oyunların təqvimi də dəqiqləşmişdi. Azərbaycan Voleybol Federasiyası tərəfindən bir neçə gün əvvəl Avropa Voleybol Konfederasiyasına (CEV) rəsmi formada milli komandalarımızın Avropa Liqasında iştirak etməyəcəkləri ilə bağlı müraciət edilib”.

Xəlilov belə addımın atılma səbəblərinə də toxunub: “Bundan sonra komandalarımız CEV tərəfindən iştirakçı siyahısından çıxarıldı. Açığı yarışdan imtina etməzdən əvvəl müraciət zamanı təklif etdik ki, yarışı turnir formasında təşkil etsinlər. Bir neçə ildir Avropa Liqası ev-səfər sistemi ilə keçirilir, əvvəl oyunlar turnir formasında təşkil olunurdu. Amma bu təklifimizə rədd cavabı gəldi və bildirildi ki, reqlamentdə dəyişiklik edə bilməzlər”.

Qurum rəsmisi belə təklifin səbəbsiz olmadığını da qeyd edib: “Hazırda Avropa ölkələrinə səfər edərkən hava yollarında bəzi çətinliklər yaranır, uçuşlar Türkiyə üzərindən həyata keçirilir. Bu isə bəzən biletlərin alınmasında problemlər yaradır. Həmçinin oyunlar arasında da çox az vaxt var. Düşünürəm ki, Avropa Liqası turnir şəklində təşkil olunsaydı bu iştirakçı komandalar üçün daha əlverişli olardı”.

Xəlilov imtinanın kökündə maliyyə çətinliyinin durmadığını da vurğulayıb: “Hazırda federasiyada maliyyə ilə bağlı bir problemimiz yoxdur. Yəni iştirak etməmək üçün digər səbəblərimiz var. Onlardan biri də bu yarışın kommersiya xarakterli olmasıdır. Ən vacib səbəbimiz isə oyunçularımızla bağlıdır. Hər zaman çalışmışıq ki, voleybolçularımız klub mövsümündən sonra zədələrini müalicə etsinlər və daha yaxşı formada milli komandanın məşqlərinə qatılsınlar. Ona görə də belə qərara gəldik ki, aprel və may aylarında klub mövsümü başa çatır. Millimizin əksər oyunçuları hazırda xarici klublarda çıxış edirlər. Xarici ölkə çempionatları bitdikdən az müddət sonra başlayacaq bu yarışa komandamız tam hazırlıqlı yollana bilməyəcək. Voleybolçularımızın mövsüm boyu aldıqları zədələr səbəbindən bərpaya ehtiyacları olacaq”.

Baş katib yığmaların digər yarışlara hazırlaşacağını söyləyib: “Qarşıda bizi daha güclü yarışlar gözləyir və oyunçularımız ağır mövsümdən sonra bir qədər istirahət etməli, bərpa prosesi keçməlidirlər. Avqust və sentyabr aylarında milli komandalarımız Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər”.

Xəlilov AVF-in plan və hədəflərindən də danışıb: “Bu gün Azərbaycan Voleybol Federasiyasının əsas məqsədi gənc oyunçuların yetişdirilməsi, onların sağlamlığı və qarşıdakı yarışlarda yüksək nəticələr əldə etməsidir. Bu ayın sonunda ölkə çempionatının Yüksək və Super Liqa yarışları başa çatır. Ardınca milli komandaların təlim-məşq toplantılarına start veriləcək. Həm qadın, həm də kişilərdən ibarət milli komandalarımızın təlim-məşq toplantıları və iştirak edəcəkləri turnirlərlə bağlı bir neçə federasiya ilə danışıqlar aparılır və bu istiqamətdə lazımı işlər görülür. Federasiya prezidenti Cavid Qurbanov iclaslarda milli komandalarımızın qarşıdakı Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirakının vacibliyini deyib. Bu yarışlara hazırlıq prosesi üçün lazımı şəraitin yaradılmasına tapşırıq verib. Avropa Liqasından biz imtina etmişik. Məhz bundan sonra CEV komandalarımızı iştirakçıların siyahısından çıxarıb. Azərbaycan Voleybol Federasiyasının hər zaman Avropa Voleybol Konfederasiyası ilə çox yaxşı münasibət olub. Bu ilin may ayında Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandr Boriçiç və CEV rəsmilərinin ölkəmizə səfəri gözlənilir. Bu səfər zamanı bir neçə vacib görüşlərin keçirilməsi də nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR