Dünya çempionu Azərbaycan millisinə baş məşqçi təyin olunub

Dünya çempionu Azərbaycan millisinə baş məşqçi təyin olunub
# 20 may 2022 15:31 (UTC +04:00)

Voleybol üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri bəlli olub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib.

Bu gün keçiriləcək iclasda kişilər və qadınlardan ibarət yığmaların çalışdırıcılarının təyinatı rəsmiləşəcək. Ölkəmizin kişi voleybolçulardan ibarət millisinə yenə Pərviz Səmədov başçılıq edəcək.

Hazırda “Neftçi”nin baş məşqçisi olan 36 yaşlı mütəxəssis uzun illər yığmanın formasını geyinib. “Metro”, “Lokomotiv” və “Neftçi” kimi klublarda oynamış voleybolçu dəfələrlə Azərbaycan çempionatının müxtəlif medallarını qazanıb.

Qadınlardan ibarət millinin sükanı arxasına Eldar Yusubov keçib. Son mövsümdə “Abşeron”un çalışdırıcısı kimi Super Liqanın qalibi olan 54 yaşlı mütəxəssis karyerası ərzində “Telekom”, “Rabitə” və “Azəryol”da məşqçi kimi fəaliyyət göstərib. O, dəfələrlə ölkə çempionu və mükafatçısı olub, beynəlxalq arenada klublararası dünya çempionatının qızıl, Çempionlar Liqasının gümüş və bürünc mükafatına sahib çıxıb.

Qeyd edək ki, bunadək qadın yığmasına Famil Ağayev, Vasif Talıbov və Eldar Yusubovdan ibarət məşqçilər korpusu başçılıq edirdisə, kişiləri müvəqqəti olaraq Səmədov çalışdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR