Emin Əmrullayev: “Yeni strukturun formalaşması üçün basketbolçu yox, hüquqşünas lazımdır”

Emin Əmrullayev: “Yeni strukturun formalaşması üçün basketbolçu yox, hüquqşünas lazımdır”
# 14 dekabr 2021 12:21 (UTC +04:00)

Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransından sonra brifinq keçirilib.

Apasport.az saytının məlumatına görə, quruma yeni prezident seçilən Emin Əmrullayev jurnalistlər önünə çıxıb.

O, Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə fikirlərini bölüşüb: “Mənə göstərilən etimada görə təşəkkür edirəm. Digər sahələrdə olduğu kimi, idman da son illər yaxşıya doğru dəyişib. Basketbolun qısamüddətli formulası yoxdur. Aşağılardan başlayaraq bu idman növünü inkişaf etdirməliyik. Bu mənada təhsil ocaqlarında, məhəllələrdə basketbolun həyatımızın bir hissəsinə çevrilməsi önəmli məqamdır. Məsələyə sistemli yanaşmaq lazımdır. Ayrı-ayrı yaş qrupları üzrə bu idman növünün vəziyyətini təhlil edib, imkanları dəyərləndirməliyik. Daha sonra ictimaiyyətə basketbolun inkişafı ilə bağlı müvafiq planları təqdim etməliyik. Çünki planlı iş tələb edir. Milli komanda bir neçə nəfərdən ibarət deyil. Yüz nəfər arasından seçim olursa bir, min nəfər arasından seçilirsə başqa məsələdir. Müsbət tərəfləri, bacarığı olan insanları Azərbaycan idmanına cəlb etmək bizim üçün vacibdir. Hələ ki, bir neçə ay ərzində təhlillər aparılmalıdır”.

- Azərbaycan çempionatının yanvarda keçirilməsi planlaşdırılırdı. Bu proqramda dəyişiklik olacaq?
- Məqsədlərlə nailiyyətləri ayırmaq lazımdır. Çempionat məqsəd deyil. Çempionatın keçirilməsi saydan, istəkdən asılıdır. Təbii ki, çempionat keçirilməlidir. Amma bu suala hələlik nə hə, nə yox cavabı vermək olur. Çempionat iki həftə və ya iki ay gecə də ola bilər. Daxili birinciliyin digər yarışlara xidmət etdiyini anlamaq lazımdır. Məqsədimiz Azərbaycan idmanını dünyada tanınmasına xidmət etməkdir. Mənim istəyim budur ki, universitet komandalarını çempionata cəlb edək. Həmçinin məktəb komandalarını. Hər bir məktəbdə zal var. Uşaqlar o zallardan məqsədyönlü şəkildə faydalana bilərlər. Azərbaycanda kifayət qədər təhsil müəssisələri var. Çempionatı tələsik keçirməkdənsə, bir qədər gec, amma məqsədyönlü şəkildə keçirmək daha vacibdir. Məktəblərdə uşaqların hər biri peşəkar basketbolçu olmaya bilər. Yuxarılara çıxmaq üçün aşağıdan başlamaq lazımdır. Bunlar üçün bir az zaman lazımdır.

- Adətən yeni seçilən federasiya rəhbərliyi öz komandasını gətirir. Siz köhnə komandadan və ya sabiq basketbolçulardan kimləri cəlb etməyi düşünürsünüz?
- Təklif edirəm ki, gələn insanları köhnə və yenilərə, cavan və yaşlılara bölməyək. Məqsədimiz Azərbaycanda basketbolun inkişaf etməsidir. Hər hansı bir insan basketbolun inkişafına xidmət edəcəksə, ona qapımız açıqdır. Yeni strukturun formalaşması üçün basketbolçu yox, hüquqşünas lazımdır. Həmçinin təhlil üçün idmançı yox, mütəxəssis lazımdır. Təbii ki, yeniliklər olmalıdır. Amma bu bacarıqların və bu profilin uyğun olacağını düşünürəm. Gələcəkdə fərqli format mütləq olacaq. Hansı strukturla işləyəcəyimizi təhlillərə bağlayıram. İrəli getmək istəyiriksə, bir neçə məsələdə düzgün qərar verməliyik. Basketbolçu yetişdirmək, hazırlıq prosesini bacaran insanlar cəlb olunmalıdır. İstək hər şeyi həll etmir. Resurs məsələsi də önəmlidir. İstənilən sahədə irəli getmək üçün maliyyə dəstəyi önəmlidir. Dayanıqlı maliyyə dəstəkləri tapmaq lazımdır. Bəlkə klassik strukturla da getmədik. Bunların heç birini hələ müzakirə etməmişik. Daim eyni qalan bir şey gözləməyin. Zamanın tələbinə uyğun çevik olmalı və problemlərə cavab verməliyik. Bəzən tez-tez nəyisə dəyişəndə deyirlər ki, niyə dəyişirsiniz. Bəzən situasiya buna məcbur edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR