Ukraynalı hücumçu Azərbaycan millisindən ayrılıb

Ukraynalı hücumçu Azərbaycan millisindən ayrılıb
# 12 iyul 2019 16:23 (UTC +04:00)

Azərbaycan millisindən daha bir voleybolçu ayrılmağa qərar verib.

APA-nın məlumatına görə, 30 yaşlı hücumçu Yekaterina Jidkova bir daha yığmamızın formasını geyinməyəcək.

Milliləşdirilmiş ukraynalı bu səbəbdən də Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xarakteri daşıyan Təsnifat Turnirində komandamızın heyətindən kənar qalıb. O, təlim-məşq toplanışına dəvət edilsə də, düşərgəyə gəlməyib. 2014-cü ildən Azərbaycan yığmasının şərəfini qoruyan J. Jidkova bunadək 2 dünya, 2 Avropa çempionatı, 1 Avropa Oyunları və 2 Avropa Liqasında ölkəmizin şərəfini qoruyub.

Y. Jidkova ötən il Yaponiyada keçirilən dünya çempionatında iştirak edən yığmamızın milli karyerasını başa vuran 3-cü üzvüdür. Mundialdan dərhal sonra Natalya Məmmədova, komandanın lisenziya turnirinə hazırlığı zamanı isə Yana Kulan belə addım atıb. Əvvəllər də bir neçə dəfə yığmadan getdiyini açıqlayan, lakin sonradan geri dönən Natalya Məmmədova nümunəsi ukraynalının da fikrindən dönə biləcəyini istisna etmir. Çünki hücumçu Avropa çempionatının final mərhələsində komandaya kömək üçün çağırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR