Berlində keçirilən turizm sərgisində “Artsax dostları (Qarabağ)” cəmiyyətinin iştirakına şərait yaradıldığı üçün Azərbaycan tərəfi tədbiri yarımçıq tərk edib

Berlində keçirilən turizm sərgisində “Artsax dostları (Qarabağ)” cəmiyyətinin iştirakına şərait yaradıldığı üçün Azərbaycan tərəfi tədbiri yarımçıq tərk edib
# 13 mart 2009 15:30 (UTC +04:00)
Səfirlikdən APA-ya verilən məlumata görə, diplomatik nümayəndəliyimiz araşdırma nəticəsində Berlində fəaliyyət göstərən “Artsax dostları (Qarabağ)” adlı cəmiyyətin bu sərgidə iştirak üçün müraciət etdiyini və qeydiyyatdan keçdiyini müəyyənləşdirib. Səfirlik sözü gedən cəmiyyətin sərgidə iştirakının qondarma “Dağlıq Qarabağ Respublikası”nın təbliğinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə yönələ biləcəyini nəzərə alaraq, İTB sərgisi rəhbərliyi ilə danışıqlar və yazışmalar aparıb. Nəticədə İTB sərgisi rəhbərliyi bu cəmiyyətin sərginin nizamnaməsini pozduğu təqdirdə, sözügedən stendin ləğv edilməsi üçün müvafiq tədbirlər görəcəyinə dair Azərbaycan tərəfinə yazılı vəd verib. Sərgi başladıqdan sonra səfirlik sözü gedən cəmiyyətin Azərbaycana qarşı fəaliyyətini və “Mountainous Karabakh” stendi ilə təmsil olunduğunu aşkar edərək, İTB rəhbərliyinə stendin bağlanılması tələbi ilə müraciət edib. Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporası təşkilatları, o cümlədən “Almaniya-Azərbaycan Forumu” da sərgi vaxtı baş verən bu qanunsuz fəaliyyətə etiraz edərək, İTB rəhbərliyinə müvafiq müraciətlər göndəriblər.

Cəmiyyətin yaydığı bir sıra təbliğat materiallarının yayılmasının qarşısı alınsa da, sərgi rəhbərliyi səfirliyin tələbini tam yerinə yetirməyib və stendi ləğv etməyib. Bunu nəzərə alaraq, səfirlik Azərbaycanın müvafiq dövlət qurumları ilə əlaqə saxlayıb və İTB sərgisində Azərbaycanın fəaliyyətinin davam etdirilməsi qeyri-məqbul hesab edilib. Nəticədə Azərbaycan tərəfi sərgini tərk edib. Səfirlikdən bildiriblər ki, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov “Artsax dostları (Qarabağ)” cəmiyyətinin sərgidə qanunsuz fəaliyyəti və İTB rəhbərliyinin sərgi vaxtı Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş bu fəaliyyətin qarşısının alınması istiqamətində lazımi tədbir görməməsi ilə bağlı Almaniya ictimaiyyəti və media üçün mətbuat bəyanatı ilə çıxış edib. Səfirlik eyni zamanda bu barədə Almaniya XİN-ə və əlaqəli dövlət qurumlarına müvafiq müraciətlər edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR