Bu gün Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində ilk ekskursiya təşkil olunub - FOTOSESSİYA

Bu gün Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində ilk ekskursiya təşkil olunub - <font color=red>FOTOSESSİYA</font>
# 03 aprel 2009 10:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Mədəniyyət və Turizm Nazirliyi və Bakı Turizm İnformasiya Mərkəzinin birgə təşəbbüsü ilə Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərin diplomatları, turizm şirkətlərinin nümayəndələri və Bakıdakı ali məktəblərin müəllim və tələbələri üçün Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə info-tur ekskursiyasının təqdimatı keçirilib. APA-nın məlumatına görə, ekskursiyanı təşkil etməkdə mərkəzin məqsədi böyüməkdə olan nəslin vətənpərvərlik və öz tarixini sevmək ruhunda inkişaf etdirilməsi və respublikamıza təşrif buyuran xarici qonaq və turistlərin sayının daha da artmasına zəmin yaratmaqdır. Qala Qoruğunun direktoru Fikrət Abdullayev bildirib ki, “Abşeron Qədim Diyar” silsiləsindən olan açıq səma altındakı Qala Qoruğuna ekskursiya ilk dəfədir ki, təşkil olunur: “Marşruta Abşeron yarımadasında olan mədəni irsin tarixi abidələrin böyük əksəriyyəti daxil edilib. Ən maraqlısı isə bizim muzey kompleksidir ki, marşrut məhz burada yekunlaşıb. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan bu muzey-kompleksinin ötən ilin oktyabrın 10-da açılışı keçirilib. Çox böyük bir layihə qısa müddətdə həyata keçirilib”. F. Abdullayev qeyd edib ki, muzey-kompleksdə eramızdan əvvəl III minillikdən başlayaraq, XX əsrin əvvəllərinə qədər olan Abşeron tarixi ilə bağlı materiallar, eksponatlar, müxtəlif inşa və bərpa olunmuş binalar, qədim yaşayış yerləri daxildir: “Burada həm arxeoloji, həm də etnoqrafik materiallar var. Çalışmışıq ki, burada nəinki qədim tarixi və mədəni-irsi, həm də orta əsrlərin yaşayış tərzini əks etdirək. Muzey kompleksi yaradılanda əsas ideya interaktiv turizmin inkişafına yardım etmək olub. Bu dünyanın ən inkişaf etmiş ölkələrində hazırda turizmin ən dəbdə olan istiqamətidir”.

Turizm İnformasiya Mərkəzinin direktoru Əlibəndə Məmmədov isə növbəti dəfə bu marşrutların daha irimiqyaslı həyata keçiriləcəyini açıqlayıb. O bildirib ki, hazırda bərpa olunan “Yanardağ” tarixi abidəsinin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Ekskursiyada iştirak edən İsrailin Azərbaycandakı səfiri Artur Lenk Azərbaycanın çox qədim mədəniyyətə malik olduğunu bildirərək, bu cür tədbirlər iştirak etməkdən böyük zövq aldığını bildirib: “Azərbaycan çox qədim ölkədir və bu ölkənin çox qədim və gözəl adət-ənənəsi var. Həyata keçirilən bu tədbir gənclərə Azərbaycanın adət-ənənələrini öyrənməyə kömək edir. Bu tədbirin təşkilatçılarını təbrik edirəm və bu cür tədbirlərin tez-tez həyata keçirilməsini arzulayıram”.

Ekskursiyada iştirak edən qonaqlar qarşısında Azərbaycanın milli rəqsləri ifa olunub və onlara Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi ilə bağlı ətraflı məlumatlar verilib.
Təşkil olunan info-tura Bakı Dövlət Universitetinin coğrafiya, Azərbaycan Turizm İnstitutunun və Qərb Universitetinin turizm fakültələrinin müəllim-tələbə heyəti, Bakıda akkreditə olunmuş diplomatik nümayəndə başçıları və mədəniyyət müşavirlərindən ibarət diplomatik heyət, Bakıdakı turizm şirkətlərinin nümayəndələri və nazirliyin əməkdaşlarından ibarət 120-dən çox iştirakı qatılıb. Qala Qoruğu ilə yaxından tanış olan qonaqlara info-turdan sonra mərkəzin təşəbbüsü ilə Qala Muzeyi haqqında Azərbaycan, rus və ingilis dildə hazırlanmış bukletlər təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR