Bakıda Azərbaycan-Yunanıstan Turizm Komitəsinin ikinci iclası keçirilib

Bakıda Azərbaycan-Yunanıstan Turizm Komitəsinin ikinci iclası keçirilib
# 29 sentyabr 2009 09:07 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakı Turizm Mərkəzində Azərbaycan və Yunanıstan arasında turizm sahəsində Birgə Komitənin ikinci iclası keçirilib.

APA-Economics”in məlumatına görə, mərkəzin direktoru Aydın İsmiyev iclası giriş sözü ilə açaraq Yunanıstan Turizm Nazirliyi nümayəndələrinin Azərbaycana səfərini və iclasda Yunanıstanın ölkəmizdəki səfiri İoanis Metaksasın iştirakını yüksək qiymətləndirib, keçirilən iclasın iki ölkə arasında turizmin inkişafına müsbət təsir edəcəyini qeyd etdi.

Yunanıstan nümayəndə heyətinin rəhbəri, Yunanıstan Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Mariya Tasiou öz növbəsində toplantının iki ölkə arasında turizm əlaqələrinin daha da genişlənməsinə və inkişafına təkan verəcəyini, həmçinin ikitərəfli turist axınının çoxalmasına səbəb olacağını bildirib.

Bakı Turizm Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, iclasın məqsədi turizm sahəsində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair qarşılıqlı müzakirələr aparmaq, Bakı ilə Afina arasında birbaşa hava reyslərinin və mehmanxana idarəçiliyi sahəsində çalışanlar üçün təlim kurslarının təşkilidir.

Bununla yanaşı, tədbirdə Azərbaycan Turizm İnstitutunda (ATİ) təhsil alan tələbələrin Yunanıstanın qabaqcıl turizm şirkətlərində və mehmanxanalarında təcrübə keçməsi, ATİ-nin tələbələri ilə Yunanıstanın müvafiq ali təhsil ocaqları arasında tələbə mübadiləsi, viza rejiminin sadələşdirilməsi, Azərbaycan və Yunanıstan arasında imzalanmış turizm sahəsində əməkdaşlıq haqqında sazişdən irəli gələn məsələlər müzakirə olunub.

İclasın nəticələri əsasında Azərbaycan və Yunanıstan arasında turizm sahəsində Birgə Komitənin 2-ci iclası çərçivəsində birgə protokol imzalanıb.

Xatırladaq ki, Azərbaycan və Yunanıstan arasında imzalanmış turizm sahəsində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üzrə Birgə Komitənin birinci iclası 2007-ci ilin iyulun 26-27-də Yunanıstanda keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR