Cari ilin 9 ayında Qəbələyə 23 358 turist səfər edib

Cari ilin 9 ayında Qəbələyə 23 358 turist səfər edib
# 06 oktyabr 2009 20:14 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov – APA. Qəbələ rayonuna səfər edən yerli və xarici turistlərin sayı ildən-ilə artmaqdadır. Bu barədə APA-nın yerli bürosuna rayonun mədəniyyət və turizm şöbəsindən məlumat verilib.

Məlumata görə, təkcə bu ilin 9 ayı ərzində Qəbələyə 23 358 turist səfər edib ki, onlardan 19 350-si yerli, 4008 nəfəri isə xarici vətəndaşdır. 2008-ci ildə Qəbələdə cəmi 14 min 630 turist olmuşdu. Bu il Qəbələyə gələn qonaqların 20 250-si müxtəlif turizm obyektlərində istirahət edib, 2950-si işgüzar səfərdə olub, 158-i isə sanatoriyada müalicə olunub.

Cari ildə Qəbələnin bir sıra yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olub. Hazırda Qəbələdə yüzə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında Qəbələdə fəaliyyət göstərən müasir turizm obyektlərinin sayı ötən 5 il ərzində 4 dəfə artaraq 13-ə çatıb. Rayonun turizm obyektləri gün ərzində ümumilikdə 2000-ə yaxın qonağa restoran və hotel xidmətlərini, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, görməli yerlərə və tarixi abidələrə səyahət xidmətlərini həyata keçirmək imkanına malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR