Azərbaycan Turizm İnstitutunda məzun və tələbələr üçün əmək yarmarkası keçirilib

Azərbaycan Turizm İnstitutunda məzun və tələbələr üçün əmək yarmarkası keçirilib
# 30 oktyabr 2009 13:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi Azərbaycan Turizm İnstitutunda məzun və tələbələr üçün növbəti tədbir keçirib.

Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 62 müəssisə və təşkilat, o cümlədən aidiyyəti üzrə 250-dək ixtisaslaşmış iş yeri təklif olunub. Həmçinin Bakı şəhər Baş Məşğulluq İdarəsinin məlumat bazasında mövcud olan iş yerlərinin məzun və tələbələr tərəfindən sərbəst seçiminə imkan yaradılıb. Məzun və tələbələrin müvəqqəti işlə təmin olunması məqsədilə “Əmək Birjası” da bu tədbirdə iştirak edib.

Tədbirdə Azərbaycan Turizm İnstitutunun tələbələrinə, xüsusən 2009-2010-cu təhsil ilinin ilk məzunlarına muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması, menecment, marketinq, turizm və hotelçilik ixtisasları üzrə iş yerləri təklif olunub.

Məzun və tələbələrin müvafiq ixtisaslara uyğun işlə təminatını yaxşılaşdırmaq və yardım etmək məqsədilə növbəti tədbirin bu il noyabrın 6-da Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə gənclərin sosial müdafiəsi, xüsusilə onların münasib işlə təminatı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizin ali məktəblərində təşkil olunan tədbirlərdə məqsəd əsasən məzun və tələbələri əmək bazarındakı mövcud vəziyyət barədə məlumatlandırmaqdır. Bu ilin 9 ayı ərzində Bakı, Gəncə və digər şəhərlərdə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə məzun və tələbələrə 330 müəssisə tərəfindən 1834 vakant iş yeri təklif edilib, 384 nəfər münasib işlə təmin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR