Ötən il Azərbaycana turist axını 2% artıb

Ötən il Azərbaycana turist axını 2% artıb
# 29 yanvar 2010 11:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ilkin məlumatlarına əsasən, ötən il Azərbaycana turist axını azalmayıb.

«APA-Economics»in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamada bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran nəticəsində turist axını azalsa da, Azərbaycanda bu göstərici nəinki azalmayıb, hətta 2% artıb: “Dünya turizm industriyası üçün ən çətin il 2008-ci il olub, lakin Azərbaycanda həmin il turist axını 40 % artıb. Beləliklə, son iki ilin nəticələrini nəzərə alaraq demək olar ki, ölkədə bu sahədə artım tempi 25-30% təşkil edir. Son 11 il ərzində isə bu göstərici 20 dəfəyədək artıb”.

Ə.Qarayevin sözlərinə görə, “Azərbaycanda turizm sahəsinin inkişafı Dövlət Proqramı (2010-2016-cı illər)” artıq hökumət tərəfindən Prezident Administrasiyasına təqdim edilib: “Proqram təsdiqləndikdən sonra bu sahədə inkişafa daha bir təkan veriləcək”.

Nazir qeyd edib ki, artıq turist şirkətləri vasitəsilə Azərbaycana gələn turistlərə daha sərfəli qiymətlər təqdim ediləcək. Eyni zamanda turistlərin qarşılanması, yerləşdirilməsi, asudə vaxtının təşkili, mədəni proqram və ekskursiyaların təşkili üzrə xidmətlər vahid paket şəklində təqdim olunacaq. Nəticədə xidmətlər qiymətlərə uyğun səviyyədə təşkil ediləcək: “Hazırda Azərbaycan CNS, “Euronews” və digər beynəlxalq kanallarda ölkəmiz haqda məlumatları təqdim edir. Amma Azərbaycan haqda məlumat almaq üçün insanlar internetə müraciət etdikdə, çox cüzi məlumat ala bilirlər. Bunun üçün turizm şirkətlərinin internet resurslarının keyfiyyəti və sayı artırmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR