Türkiyə Azərbaycanda keçiriləcək IX Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin tərəfdaşı olacaq

Türkiyə Azərbaycanda keçiriləcək IX Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin tərəfdaşı olacaq
# 12 fevral 2010 10:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda keçiriləcək IX Beynəlxalq Turizm və Səyahətlər Sərgisində bu il ilk dəfə olaraq Türkiyə tərəfdaş ölkə kimi iştirak edəcək.

Sərginin təşkilatçısı Böyük Britaniyanın “ITE Group” şirkətlər qrupunun Cənubi Qafqazdakı eksklüziv tərəfdaşı “İteca Caspian” şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Türkiyə sərgidə ənənəvi ekspozisiyasını 40% artıraraq milli stendlə də çıxış edəcək.

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2010) aprelin 28-dən 30-dək Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək.

Qeyd edək ki, ötən il bütün dünyada turizm sənayesinin tənəzzülə uğramasına baxmayaraq, AITF sərgisi böyük uğurla keçib və öz meydançasında 100-dən artıq şirkəti toplayıb. AITF-2009 sərgisini dünyanın 24 ölkəsindən təşrif buyurmuş 7 000 insan ziyarət edib ki, bu da öz növbəsində sərgi tarixində rekord göstərici kimi yadda qalıb. Artıq indidən Azərbaycan sərgisində öz iştiraklarını təsdiq etmiş şirkətlərin sayına əsasən demək olar ki, builki sərgiyə maraq ötən ilə nisbətən 20% artacaq.

“İteca Caspian”dan bildiriblər ki, hər bir turizm sərgisinin əsas dəyərlərindən biri milli stendlərdir. Bu il milli stendlərdə Hindistan, BƏƏ, Yunanıstan, Türkiyə, Malayziya, Misir kimi ölkələr milli koloritlərini nümayiş etdirəcəklər. Qlobal böhrana baxmayaraq, öz aktuallığını hələ də qoruyub saxlayan Tailand, Seyşel adaları, Mavriki və bir sıra digər ekzotik guşələr geniş şəkildə təqdim ediləcək. İsveçrənin turizm operatorları müxtəlif kateqoriyalı turistlər üçün ən geniş seçim imkanlarını təqdim edəcək.

Bundan əlavə, ilk dəfə olaraq sərgidə ziyarətçilərə sanatoriyalarda müalicə üzrə ən geniş xidmətlər diapazonunu təklif edən Stavropol diyarının stendi təqdim olunacaq. Sərgi ilə paralel olaraq keçiriləcək dolğun tədbirlər proqramına seminarlar, təqdimat mərasimləri, mükafat lotereyaları daxil olacaq.

AITF sərgisinin keçirilməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəal dəstək verilir. Böyük Britaniyanın “ITE Group PLC” şirkəti, habelə onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti sərginin təşkilatçıları qismində iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR