Avstriya-Azərbaycan Turizm Proqramı bakalavr buraxılış işlərinin müzakirəsi və ilkin qiymətləndirilməsi üzrə müzakirə keçirilib

Avstriya-Azərbaycan Turizm Proqramı bakalavr buraxılış işlərinin müzakirəsi və ilkin qiymətləndirilməsi üzrə müzakirə keçirilib
# 12 fevral 2010 15:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 12-də Azərbaycan Turizm İnstitutunda mədəniyyət və turizm naziri, Dövlət Attestasiya Komissiyasının sədri Əbülfəs Qarayevin iştirakı ilə Avstriya-Azərbaycan Turizm Proqramı (AATP) bakalavr buraxılış işlərinin müzakirəsi və ilkin qiymətləndirilməsi üzrə müzakirə keçirilib. APA-nın məlumatına görə, müzakirədə çıxış edən Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov turizm sənayesi üçün ixtisaslı mütəxəssis diplomuna namizədlərin, xüsusi ilə beynəlxalq qrupun 18 tələbəsinin ATİ-nin ilk məzunları missiyasını şərəflə daşıya biləcəyini qeyd edib: “Yola salmağa hazırlaşdığımız 4 tədris ilinin hər saatı bizim üçün yeni dərs ili, yeni tədris ili kimi səciyyəvidir. Təhsildə və ixtisaslı kadr hazırlığında dinamik inkişafımızın göstəricisidir. 2010-2011-ci tədris ilində biz yola saldığımız mərhələdən nəticə çıxaracaq, obyektiv və subyektiv səbəbdən həll edə bilmədiyimiz problemlərin yerinə yetirilməsinə çalışacağıq. Tədris prosesinin təkmilləşdirilməsi istiqamətində peşəkarlığımızı daha da artırmağa çalışacağıq”.

Rektor Cəfər Cəfərov xatırladıb ki, beynəlxalq qrupa daxil olan tələbələr 2 buraxılış işi təqdim edirlər: “KREMS Tətbiqi Elmlər Universiteti tərəfindən məsləhət bilinən buraxılış işi ingilis dilində yazılır, 2-ci buraxılış işi isə ənənəvi olaraq məzuna Azərbaycan Turizm İnstitutu tərəfindən təklif edilir. Elmi rəhbərlər həm Avstriyadan , həm də Azərbaycandan təyin olunur. Təhsildə əla və yaxşı qiymət alanlar turizm sahəsini ehtiva edən mövzu seçimində sərbəstdir. Bakalavr buraxılış işlərinin son qiymətləndirilməsi prosesi iyul ayında keçiriləcək. 2 ölkənin ali təhsil müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən beynəlxalq qrupa daxil olan tələbələrin bakalavr buraxılış işlərini qiymətləndirmək üçün Dövlət Attestasiya Komissiyasına Avstriya və Azərbaycandan təyin olunan şəxslər sədrlik edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR