Azərbaycanda fəaliyyət göstərən otellərin sayı 22% artıb

Azərbaycanda fəaliyyət göstərən otellərin sayı 22% artıb
# 19 aprel 2010 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2008-ci illə müqayisədə 82 vahid və ya 22,2% artaraq 452-yə, bu müəssisələrdəki nömrələrin (otaqların) sayı 1 175 vahid və ya 9,2% artaraq 13 964-ə, onların birdəfəlik tutumu isə 2 285 vahid artaraq 30 571-ə çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mehmanxana və mehmanxana tipli müəssisələrdəki nömrələrin 16,4%-ni lüks nömrələr, 48%-ni birinci dərəcəli nömrələr, 35,6%-ni turist dərəcəli nömrələr təşkil edib.

Mehmanxana və mehmanxana tipli müəssisələrin 89-u Bakı, 13-ü Sumqayıt, 8-i Gəncə, 8-i Mingəçevir, 8-i Naftalan, 2-si Şirvan şəhərlərində, 22-si Naxçıvan Muxtar Respublikasında, 41-i Xaçmaz, 30-u Masallı, 26-sı Şamaxı, 24-ü Quba, 16-sı İsmayıllı, 15-i Şəki, 12-si Lənkəran, 11-i Zaqatala, 10-u Qax, 10-u Qəbələ, 9-u Qusar, 8-i Lerik rayonlarında, qalan 90-ı isə ölkənin digər rayonlarında fəaliyyət göstərir. Bu müəssisələrin birdəfəlik tutumu Bakıda 7 768, Xaçmazda 4 869, Naftalanda 3 590, Naxçıvanda 1 495, Masallıda 1 248, Qubada 979, Gəncədə 967, Sumqayıtda 839, Mingəçevirdə 764, Lerikdə 648, Şamaxıda 638, Qəbələdə 602, Şəkidə 566, İsmayıllıda 558, Qaxda 494, Lənkəranda 411, Zaqatalada 357, Qusarda 283, Şirvanda 128, digər rayonlarda isə 3 367 yer olub.

Bununla yanaşı, 2009-cu ildə mehmanxana və mehmanxana tipli müəssisələrin birdəfəlik tutumu 2008-ci illə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda 59%, Şəki-Zaqatala iqtisadi rayonunda 26,7%, Lənkəran iqtisadi rayonunda 14%, Abşeron iqtisadi rayonunda 12,8%, Gəncə-Qazax iqtisadi rayonunda 11,8%, Aran iqtisadi rayonunda 10%, Quba-Xaçmaz iqtisadi rayonunda 9,9%, Naxçıvan iqtisadi rayonunda 4% artıb, Bakı şəhərində isə iki mehmanxananın («Azərbaycan» və «Abşeron») sökülüb yerində yenilərinin tikilməsi ilə əlaqədar 6,2% azalıb.

Eyni zamanda, 2009-cu ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə 424,2 min nəfər yerləşdirilib ki, 2008-ci illə müqayisədə bu müəssisələrdə yerləşdirilmiş Azərbaycan vətəndaşlarının sayı 3,8% artıb, xarici ölkə vətəndaşlarının sayı isə 6,8% azalıb. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin 50,8%-i Azərbaycan, 49,2%-i isə xarici ölkə vətəndaşları olub. Xarici ölkə vətəndaşlarının 85,9%-i Bakıdakı mehmanxanaların xidmətlərindən istifadə edib. Bu dövr ərzində yollayışla gələn turistlər mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin cəmi 5,7%-ni təşkil edib.

İl ərzində müştərilərə təqdim edilmiş 1 315,1 min çarpayı-sutkadan 57,3%-i Azərbaycan vətəndaşları, 42,7%-i isə xarici ölkə vətəndaşları tərəfindən istifadə edilib.

Mehmanxana və mehmanxana tipli müəssisələrin xidmətlərindən istifadə edənlərin 57,4%-i Bakıda, 6,5%-i Naxçıvanda, 5,6%-i Masallı, 5,5%-i Xaçmaz, 3%-i Qəbələ, 2,8%-i Mingəçevir, 2,2%-i Gəncə, 1,6%-i Quba, 1,6%-i Şamaxı, 1,2%-i İsmayıllı, 1%-i Lənkəran, qalanları isə digər rayonlarda (şəhərlərdə) qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR