Gələn ay Qubada yeni Turizm İstirahət Kompleksinin tikintisinə başlanacaq

Gələn ay Qubada yeni Turizm İstirahət Kompleksinin tikintisinə başlanacaq
# 29 aprel 2010 08:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu ilin may ayında Azərbaycanın Quba rayonunda yeni Turizm İstirahət Kompleksi tikintisinə başlanacaq.

Bu barədə «APA-Economics»ə Quba rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elxan Məhərrəmov məlumat verib.

E.Məhərrəmovun sözlərinə görə, yeni istirahət kompleksi rayonun Əski və İqriq kəndlərinin ərazisində yerləşəcək: “Quba rayon İcra Hakimiyyəti kompleksin tikintisi üçün 25 hektar torpaq sahəsi alıb, kompleksin maketi hazırlanıb. Məsələ aidiyyəti rəsmi dairələrlə də razılaşdırılıb”.

İstirahət Kompleksində ayrıca klub, kitabxana, kotteclər, süni göl, kafe, vertolyot meydançası, gəzinti yolları və s. turistlərə asudə vaxtlarını mənalı keçirmək üçün şərait yaradacaq. Yeni yaradılan Turizm İstirahət Kompleksi beş ulduzlu hotel səviyyəsində olacaq.

Quba Regional Turizm İnformasiya Mərkəzinin direktoru Könül Hacıyevanın sözlərinə görə, son bir ildə Quba rayonuna turist axınında 20% artımı müşahidə olunub ki, bu da rayonda aşkar olunan 1918-ci ildə ermənilərin Qubada törətdiyi kütləvi soyqırımın qurbanlarının məzarlığına, xalçaçılıq sənəti ilə məşhur Xınalıq kəndinə olan maraqla bağlıdır.

K.Hacıyeva onu da bildirib ki, bu il turistlərin 1 günlük yerləşdirilməsinin qiymətində 15-20% endirim gözlənilir. Hazırda Quba rayonunun istirahət zonalarında 1 turistin yerləşdirilməsi xidmət keyfiyyətindən və səviyyəsindən asılı olaraq 40-250 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR