Xaçmaz rayonunda fəaliyyət göstərən istirahət zonalarının qiymətləri 12% ucuzlaşıb

Xaçmaz rayonunda fəaliyyət göstərən istirahət zonalarının qiymətləri 12% ucuzlaşıb
# 29 aprel 2010 12:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın Xaçmaz rayonunda hazırda 70 hotel fəaliyyət göstərir, bir neçə hotelin tikinti işləri isə başa çatmaq üzrədir.

Bunu «APA-Economics»ə Xaçmaz rayon Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov bildirib.

V.Əhmədovun sözlərinə görə, ötən illə müqayisədə 1 turistə xidmət qiyməti bu il 12% endirilərək 40 manat təşkil edir: “Bu məbləği ödəyərək turist 1 nəfərlik otaq, gün ərzində üç dəfə yemək və 24 növ əyləncədən pulsuz istifadə edə bilər. Əyləncələrə akvaparklar, hovuz, futbol və voleybol meydançaları, müalicə xidmətləri, bərbərxana və s. xidmətlər daxildir. Ümumilikdə rayon istirahət turizm obyektlərində turistlərin 1 günlük istirahəti orta hesabla 30-250 manat təşkil edir”.

“Bizim regiona əsasən yerli turistlər gəlir, lakin ABŞ, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Ukraynadan da gələn turistlər var və onların sayı bəzi hallarda 25%-dək təşkil edir”, - deyə V.Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, hazırda rayonda fəaliyyət göstərən böyük hotellərin saytları mövcuddur və onlar mütəmadi olaraq yenilənir: “Yaxın zamanda Xaçmaz rayon Turizm İnformasiya Mərkəzinin rəsmi saytı yaradılacaq. Hotellərin bir çoxunun data kartlar vasitəsilə internetə çıxışı təmin edilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR