Bakıda Türkmənistanın “Avaza” Milli Turizm Zonasının təqdimatı keçirilib - FOTO

Bakıda Türkmənistanın “Avaza” Milli Turizm Zonasının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 12 may 2010 09:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkmənistanın Azərbaycandakı səfirliyi “Avaza” Milli Turizm Zonasının təqdimatını keçirib. APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, turist şirkətlərinin rəhbərləri, jurnalistlər iştirak edib.

Səfir Annaməmməd Məmmədov bildirib ki, “Avaza”nın yaradılması barədə qərar prezident Qurbanqulu Berdıməhhəmədov tərəfindən 2007-ci ilin iyulunda imzalanıb. Turist zonasının yaradılması üçün 5000 hektar ərazi ayrılıb, zona Xəzər sahili boyunca 26 kilometrlik ərazini əhatə edir. Layihəyə əsasən zona 3 mərhələdə inşa ediləcək. Birinci mərhələdə 750 hektar ərazidə inşa ediləcək obyektlər 30 min turisti eyni anda qəbul etməyə imkan verəcək. 2-ci və 3-cü mərhələlərdə 500 hektar ərazidə 25 min turistin dincəlməsi üçün obyektlərin inşası nəzərdə tutulur. Layihə bitdikdən sonra zona eyni vaxtda 80 min qonağı qəbul etmək iqtidarında olacaq.

Zona ətrafında mikroiqlim yaratmaq məqsədilə 1300 hektar ərazidə meşə salınacaq. Artıq 365 hektarda yaşıllıqlar salınıb.

Turist zonasında uzunluğu 7 kilometr, eni 50-120 metr olan süni çay da yaradılıb. Çayın üzərində 7 avtomobil və 4 piyada körpüsü salınıb. Çayın hər iki tərəfində 28 obyekt – restoran, kafe və barlar inşa edilib. Çaydan əlavə 6 göl və 11 çimərlik də yaradılıb. Çay üzərində gəmilər, o cümlədən yaxtalar hərəkət edə bilir. Xəzərdən çaya giriş və çıxış şlyuzlar vasitəsilə həyata keçirilir. Qonaqları qəbul etmək məqsədilə beynəlxalq hava limanı artıq istifadəyə verilib.

2010-2011-ci illərdə turist zonasının inşasına 23,6 milyard ABŞ dolları ayrılıb. Turist zonası artıq bir ildir qonaqları qəbul etməyə başlayıb.

Səfir xarici sərmayədarları “Avaza”ya sərmayə qoymağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR