Sankt-Peterburqda Azərbaycan Beynəlxalq Bankının ayırdığı kreditlə mehmanxanalar açılır

Sankt-Peterburqda Azərbaycan Beynəlxalq Bankının ayırdığı kreditlə mehmanxanalar açılır
# 17 iyun 2010 14:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Azərbaycanlı iş adamları Sankt-Peterburqda yüksək səviyyəli mehmanxanalar açır.

APA-nın «Delovoy Peterburq»a istinadən xəbərinə görə, Beynəlxalq Baltik Sərmayə Şirkətinin (MBİK) baş direktoru Malik Babayev bildirib ki, yeyinti sənayesi işçilərinin keçmiş Mədəniyyət Sarayının beşulduzlu mehmanxanaya çevrilməsi tamamlanıb.

Binanın sahibi olan MBİK mehmanxana operatoru “Fairmont Raffles Hotels International” (FRHI) ilə niyyət protokolu imzalayıb, iyunun 18-də isə idarəetmə haqqında müqavilə imzalanacaq.

Yeni mehmanxana 2011-ci il yanvarın 1-də “Swissotel” brendi altında açılacaq. İlk mərhələdə mehmanxanada 120 nömrə, sonra daha 50 nömrə olacaq. 12 min kv. metr ərazisi olan mehmanxanada hovuz, spa-mərkəz, restoranlar, yeraltı avtomobil dayanacağı fəaliyyət göstərəcək.

Bu layihəyə sərmayələr 25 mln. dollar təşkil edib, bu vəsaitə 2005-ci ildə binanın 4,1 mln. dollara alınması da daxildir. Krediti Azərbaycan Beynəlxalq Bankı təqdim edib. Bankın Sankt-Peterburq filialının direktoru Fuad Qasımovun fikrincə, mehmanxanalara sərmayə qoymaq yaşayış binalarından sərfəlidir ki, bu da uzun müddət əməliyyat gəliri almağa imkan verir. Bank MBİK-ə Peterburqun mərkəzində 2 yeni mehmanxananın inşa edilməsi üçün daha 70 mln. avro ayırıb.

Malik Babayevin sözlərinə görə, qərara alınıb ki, öncə otel inşa edilsin, sonra onun üçün operator seçilsin: “Risk özünü doğrultdu - “Sheraton” və “Hilton” kimi iri operatorlar öz təkliflərini verdilər, amma “Fairmont” daha sərfəli təkliflər verdi. Bu operatorun idarəçiliyində 25 ölkədə lüks səviyyəli “Raffles”, “Fairmont”, “Swissotel” və “Delta” brendi altında 120 mehmanxana var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR