Əbülfəs Qarayev: “İnfrastruktur layihələrinin tamamlanması Azərbaycanda turizmin inkişafına təkan verir”

Əbülfəs Qarayev: “İnfrastruktur layihələrinin tamamlanması Azərbaycanda turizmin inkişafına təkan verir”
# 25 iyun 2010 08:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycanın daxili turizminin inkişafı artıq normal qaydaya düşməkdədir. Üç ay müddətində nəzərdən keçirdiyimiz rəqəmlər onu göstərir ki, bizim templərimiz aşağı düşmür, stabil olaraq qalır”. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir turizmin inkişafında infrastruktur layihələrinin böyük rolu olduğunu vurğulayıb: “Ötən müddətlərdə infrastruktur layihələri gerçəkləşdi, Xaçmaz və Şamaxı istiqamətində yollar tamamlandı. Bu səbəbdən keçən ilə nisbətən turistlərin sayı çoxalıb. Bizim məqsədimiz Azərbaycanda turizm infrastrukturunun inkişafı, uzun müddətliyinin təmin olunması və xüsusi turist zonalarının formalaşdırılmasından ibarətdir”.

Ə.Qarayev Azərbaycanın turizm obyektlərindəki qiymətlərə də toxunub: “Monitorinq qrupu keçən həftə Xaçmaz, Quba rayonlarında olub və orada fəaliyyət göstərən turizm şirkətlərinin fəaliyyəti ilə tanış olub. Yerli icra hakimiyyətlərinə bəzi iradlarımızı bildirmişik, hazırda o nöqsanlar aradan qaldırılmaqdadır. Lakin əsas məsələ odur ki, bu il keçən ilə nisbətən xidmətlərin nəinki artmayıb, hətta müəyyən yerlərdə endirimlər müşahidə olunur. Nə qədər çox müəssisələr olsa və bunun nəticəsində rəqabət artsa, bu, qiymətlərin formalaşmasına müsbət təsir göstərəcək. Bu gün Türkiyə ilə Azərbaycan qiymətlərini müqayisə edə bilmərik. Çünki Türkiyənin turist bazarı tamamilə başqa bazardır. Orada milyonlarla turist qəbul etmək imkanı olan müəssisələr mövcuddur. Türkiyədə turizm sənayesi son 30 il müddətində çox böyük sürətlə inkişaf edib. Arzumuz odur ki, 15-20 ilə Türkiyənin səviyyəsinə çataq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR