Dubaya getmək üçün azərbaycanlı kişilərə viza verilməməsinin səbəbləri açıqlanıb

Dubaya getmək üçün azərbaycanlı kişilərə viza verilməməsinin səbəbləri açıqlanıb
# 05 avqust 2010 12:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan Dubay beynəlxalq hava limanının birinci terminalının direktoru, mayor Valid Əhməd «Flydubai» şirkətinin Bakı ofisinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.

V. Əhmədin sözlərinə görə, problemlə tək azərbaycanlılar deyil, digər ölkələrin vətəndaşları da üzləşib. V. Əhməd bildirib ki, sistemin məlumat bazası yeniləşmədiyindən belə bir problem meydana çıxıb və artıq həmin problem aradan qaldırılmaq üzrədir. Sistem bir həftəyə tam çalışacaq və yaranan problemlər tam aradan qalxacaq.

V. Əhməd Dubay əmirliyinin xarici vətəndaşlar üçün vizaların verilməsi sahəsində tətbiq etdiyi iki yeniliyin təqdimatını da keçirib. Əmirlik rəsmisi bildirib ki, bunlardan birincisi «Mobile Viza» xidmətidir. Hansı ki, istənilən ölkədən Dubaya viza almaq istəyən şəxs əmirliyin internet saytına girərək e-mail ünvanını və ya telefon nömrəsini daxil edir. Kredit kartı vasitəsi ilə ödəmə həyata keçirdikdən sonra onun elektron poçtuna və ya telefonuna viza nömrəsi göndərilir. Bundan sonra Dubaya gələn şəxs aeroportda həmin mesajı viza bürosuna təqdim edərək həqiqi vizasını alır.

İkinci yenilik isə www.amer.ae saytı vasitəsi ilə vizaların yoxlanılmasıdır. Dubay vizası olan istənilən şəxs bu sayta girərək vizasının növünü, onun statusunu və s. yoxlaya bilər. Eyni zamanda hava yolu şirkətləri bu resursdan istifadə etməklə sərnişinlərinin vizası barədə məlumat əldə edə bilər.

V. Əhməd onu da vurğulayıb ki, Dubay aeroportunda tətbiq edilən sonuncu yeniliklərdən biri də gözlərin skaner olunması ilə bağlıdır. Bu prosesin müddətinin azaldılması məqsədi ilə gözlərin skanerdən keçirilməsi aeroportda viza verilən məntəqədə aparılacaq.

Qeyd edək ki, iyul ayının sonlarında turist firmalarına 18-65 yaş arası, kişi cinsinə mənsub Azərbaycan vətəndaşlarına BƏƏ vizasının verilməsinin müəyyən müddətə dayandırıldığı barədə xəbərdarlıq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR